“Qəbələ”nin UĞUR SİRRİ: “Yaxşı günlər hələ qabaqdadır!”

12 İyun 2021 20:40 Qəbələ 719
“Qəbələ”nin UĞUR SİRRİ: “Yaxşı günlər hələ qabaqdadır!”

"Qəbələ" Futbol Akademiyası 12-ci mövsümünü başa çatdırdı. U17 və U19 komandalarımız çempion oldular. İşimizin bəhrəsini kuboklarla gördük. Amma kuboklar yalnız işin görünən tərəfi idi.

Fonda isə öncəki illərlə müqayisədə kəmiyyətcə xeyli azalmış kollektivin alın təri var, onu ancaq biz görürük.

İndi bu kubokları alana qədər nələr etdik, onların bir qismini bölüşməyin vaxtıdır. Mövsümün əvvəlində yataqxanada yaşayan futbolçularımızın sayını 73-dən 30-a saldıq. 4 yaş qrupu ixtisar edildi, qəbələli futbolçularımızın da bəziləri ilə vidalaşmalı olduq. Kollektivimiz 14-ü məşqçi olmaqla cəmi 20 nəfərə qədər azaldı, iki məşqçimiz digər rayonlardan, qalan 18 nəfər Qəbələdəndir.

Kəmiyyət azalsa da, keyfiyyəti lazımınca qoruya bildik. Mövsümün əvvəlində hazırlanan məşq proqramı, etik kodeks, intizam kodeksi kağız üzərində qalmadı, yerinə yetirildi. Pandemiyanı bəhanə gətirib məşqlərdən yayınmadıq, əksinə, üzərimizə məsuliyyət götürüb maksimum ehtiyatla davam etdik. Seleksiya işləri ilə növbəti mövsüm üçün görünən boşluqları doldurduq. Önə çıxan futbolçularımızın əsas komandamızın məşqlərinə qoşulması, eləcə də milli komandalara dəvət almaları üçün xahiş, yeri gəldi, mübahisə etdik. Mövsümün gedişində 4 futbolçumuz əsas komandanın məşqlərinə qoşuldu. U19, U18 və U17 milli komandalarımıza 18-22 oyunçu (bəzi toplanışlarda çox, bəzilərində az) verdik.

Səhv edənləri cərimələdik, növbəti xətalardan yayındırdıq, yaxşıları mükafatlandırdıq. İşçimizin dərdindən tutmuş, futbolçumuzun ailəsindəki problemə qədər uzandıq. Ciddi maliyyə sıxıntısı içərisində repetitor müəllimlər tutduq, hər imkanda menyunu zənginləşdirdik, vitaminlərə, təbii qida əlavələrinə pul xərclədik, istisnasız hər bir futbolçumuza tam tibbi xidmət göstərdik, ayaqqabısı olmayan ayaqqabı, motivasiyası olmayan motivasiya verdik. Ətraf mühitə biganə qalmadıq, bir çox sosial layihələr həyata keçirdik. Təbii ki, peşəkarlıq qeyd olunanların hamısını, hətta artığını tələb edir, amma hansı vəziyyətdə bunları etdiyimizi ancaq özümüz bildik. Böyük bir ailə olduq!

Bu dönəmi meydançada əziyyət çəkmiş məşqçi, həkim, inzibatçı, stadion, mühafizə heyəti, yataqxanada futbolçuların qeydinə qalmış aşbazlar, personal, yollarda diqqəti əldən verməyən sürücülər, hər sənədin arxasınca qaçan ofis əməkdaşları, işıqlandıran mətbuat xidməti, hər ödənişin təsdiqini verən rəhbərlik və həyata keçirən mühasibatlıq birlikdə yaşadı və sonda futbolçular hər birimizi kubok, ən əsası gözəl oyunla mükafatlandırdılar.

Mövsümün başlamadan kollektivə olan inamım özünü tam şəkildə doğrultdu!

"Qəbələ" Futbol Akademiyası hələ uzun müddət ölkə futboluna layiqincə xidmət etməyə və yeni-yeni istedadlar üzə çıxarmağa davam edəcək! Yaxşı günlər hələ qabaqdadır!

Nail Kərimov
“Qəbələ” Futbol Akademiyasının baş koordinatoru

Digər Xəbərlər
Xəbər Lenti