Premyer Liqanın 19-cu turunda “Şamaxı” ilə keçirilən matç zamanı “Qarabağ”ın qapıçısı Mateuş Koxalski qarlı meydançanın sürüşkən olması səbəbindən zədələnib.
Polşalı kiper 20-ci turda ”İmişli” ilə Qubada təşkil olunan görüşü (1:0) də bu üzdən tribunadan izləyib.
Onun aldığı xəsarətin şiddətlənmə riskini nəzərə alan Qurban Qurbanov riskə getməyib və adını iştirak ərizəsinə daxil etməyib.
O, sabah Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl Yunayted”la Bakıdakı oyunda meydana çıxacaqmı?
“Qarabağ”ın mətbuat xidmətindən bildirilib ki, “pan“ hazırda komandanın həkim briqadasının nəzarəti altında müalicə prosesini davam etdirir:
“Tibbi heyət futbolçunun sağlamlığının tam bərpa olunması üçün müvafiq prosedurları həyata keçirir.
Komanda həkimləri onun Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Nyukasl”a qarşı Bakıda keçiriləcək qarşılaşmaya qədər hazır vəziyyətə gətirilməsi üçün səylərini davam etdirirlər”.
Aldığımız son məlumata görə, Koxalskini sabahkı matçda “çərçivə“ önündə dayanan görəcəyik.
2024-cü ildə “Stal“dan (Polşa) 1,2 milyon avro qarşılığında transfer olunmuş “əlcək sahibi“ ötən günlərlə nisbətən indi özünü yaxşı hiss eləyir və oynamağa hazırdır.
Onun qərarı Qurban Qurbanov başda olmaqla, məşqçilər korpusunu sevindirib. Çünki polyak həmkarı Fabian Buntiçlə müqayisədə daha yaxşı formadadır.
SPORTİNFO.AZ

