Yaxşı ki, futbolumuzda Qurban Qurbanov adlı şəxsiyyət var.
Adam təkcə “Qarabağ”da qazandığı nəticələrlə Azərbaycan adını dünyaya tanıtmır.
O, həm də danışır, dilə gəlir, nöqsanlara çılpaqlığı ilə ortaya qoyur.
Bu günə qədər hansı baş məşqçi Qubadakı meydanın durumu barədə ölkə futboluna və çempionatına rəhbərlik edənlərə, eləcə də “İmişli” rəhbərliyinə bu dərəcədə açıq səslənmişdi?
Heç kim!
Danışan olubsa da, “malalayıb”, “sığallayıb”, nəsə deməyə çalışıb, ancaq deməyib.
Qurbanov “İmişli” üzərindəki qələbədən sonra sözün əsl mənasında “partadı”. Komandası qələbə qazanmışdı, özünü düşünən olsaydı, danışmazdı.
Bəli, o cür meydanda Premyer Liqa matçı keçirmək futbol adına həqarətdir, rəzalətdir, lap elə təhqirdir. Azərbaycan futbolunun yeddi arxa dönəmini söyməkdir.
Aylar əvvəl Qubaya ilk səfərimdə yazmışdım. Qubadakı Olimpiya Kompleksinin futbol meydanı ən yaxşı halda qoyun-quzu otlağıdır. Elə qazon olmur! Orada futbol oynamaq olmaz!
Futbolun başında dayananlar “İmişli”yə elitada yer verməklə ciddi səhv etmişdisə, qısa zaman üçün stadion tələbi qoymamaqla növbəti ayıba şərait yaratdı.
“İmişli” üçün harada oynamağın fərqi yoxdur. Quba olmasın, Lənkəran olsun, ya da Beyləqan. Komandanın bu gün üçün nə hədəfi var, nə məqsədi.
Əvəzində, milyonlar xərcləyən “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə” kimi klublara ciddi problem yaradırlar. Həmin komandaların futbolçularına şikəst olmaq riski ilə Qubada top dalınca qaçmağı təklif edirlər.
Əlbəttə, əsas günah “İmişli”də yox, onlara bostanda oynamağa icazə verən qurumda – Peşəkar Futbol Liqasındadır.
Premyer Liqanın tələblərinə cavab verməyən həvəskar statuslu stadionun elita oyunlarını qəbul etməsi PFL-in qərarıdır. Təki oyunlar təxirə salınmasın, səs-küy qalxmasın, hansısa yolla düzüb-qoşub yola vermək mümkün olsun.
Yox, problem “İmişli”nin məşqçi və futbolçularının süni örtükdə oynamaq istəməməsidirsə, zəhmət çəkib, özlərinə təbii örtüklü normal stadion tapsınlar. Zəhmətə qatlansınlar, çıxış yolları tapsınlar.
Ölkə futboluna dövlət tərəfindən yüksək səviyyədə maliyyə dəstəyi ayrılması futbolun inkişafına, təbliğatına, azarkeş marağına, gələcəyinə hesablanıb. Daha 90-cı illərdəki vəziyyətin təkrarlanmasına şərait yaratmağa yox.
Sabah hansısa məşhur vətənində verdiyi müsahibədə Qubadakı bostandan söz açıb güləndə, bu, “İmişli” rəhbərliyinin tükünü də tərpətməyəcək. Çünki Azərbaycan futbolunun, ya da çempionatının adı çəkiləcək.
Nə qədər ki, hansısa futbolçunun ayağı sınmayıb, ya da canını meydanda tapşırmayıb, zəhmət çəkib çıxış yolu tapsınlar.
Təkrar edirəm, Qubadakı sahə futbol meydanı deyil, qoyun-quzu otlağıdır!
HƏBİB / SPORTİNFO.AZa

