Son illərdə “Qarabağ”, sözün əsl mənasında, ölkə futbolunun “taxt-tacını” ələ keçirmiş, həmçinin beynəlxalq arenalarda yetərincə səs-küyə səbəb olmuş klublardan biridir.
Bəs niyə sadəcə, “Qarabağ”?
Azərbaycanda digər bəzi klublar məşq strategiyası, oyunlara hazırlıq və transfer seçimlərini yüksək səviyyədə həyata keçirməsinə baxmayaraq, ölkə sərhədlərini aşa bilmirlər. Bəs problem nədir?
Bir çox yerli klublarda uğur qısamüddətli nəticələrə qurban verilir, sistem qurmaq əvəzinə, günü xilas etmək prioriteti seçilir.
Problemlər çox zaman daxildən başlayır. Ancaq gəlin, öncəliklə, “Qarabağ”ın uğur səbəblərini araşdıraq və bu kontekst əsasında qarşıda dayanan problemləri müəyyənləşdirək.
Çempionat iştirakçıları arasında müqayisə aparsaq, görərik ki, hal-hazırda Azərbaycanda ən sabit heyətə və uzunmüddətli baş məşqçiyə sahib olan klub “Qarabağ”dır.
Sözsüz ki, oyunçular və baş məşqçi arasındakı kimya komandanın meydandakı performansına təsirsiz ötüşmür.
Bunun nəticəsində bu gün “Qarabağ”ın futbolçuları arasında elə bir intuitiv anlaşma formalaşıb ki, onlar baş məşqçinin tək işarəsi ilə oyun planını yerindəcə dəyişməyi bacarırlar.
Klub daxilində çox dəyişiklik baş verməsi oyunçuların və digər heyət üzvlərinin bir-birinə olan adaptasiyasını çətinləşdirir. Daha çox çətinlik yaradan faktor isə bu dəyişiklərin mütəmadi şəkildə təkrarlanmasıdır.
Uğurun digər mühüm bir səbəbi də uğurlu transferlərin reallaşdırılmasıdır.
Daha bir müqayisə aparsaq, görərik ki, son illərdə transfer baxımdan da ən “üzü gülən” klub elə “Qarabağ”dır.
Əlbəttə, ölkə nəhəngi bu transferləri geniş maliyyə imkanları hesabına reallaşdırır və digər bir çox klub bu qədər geniş imkanlara malik deyil.
Lakin nəzərə almaq lazımdır ki, büdcə problemi tam olaraq həll etmir. Seçilən futbolçu komandanın üslubuna uyğun olmalıdır.
Bəzən yüksək məbləğli bir oyunçu sistemsiz bir mühitdə uğursuz transferə çevrilə, istedadı qiymətləndirilərək, kiçik vəsait hesabına alınan bir oyunçu isə doğru strategiya ilə komandanın əsas fiquruna çevrilə bilər.
Məsələ bu futbolçuları hər aspektdən düzgün şəkildə dəyərləndirməyi bacarmaqdır. Ölkəmizdə bu dəyərləndirmələri ən doğru, uzaqgörənliklə aparan isə həqiqətən də Qurban Qurbanovdur.
Son olaraq bir klubun belində uğurun “kəmərini bərkidən” ən böyük amillərdən biri, bəlkə də birincisi, futbolçularda formalaşmış komanda ruhu və sədaqət hissidir.
Bu, meydanda bir-birini daha yaxşı anlayan, çətin anlarda belə dağılmayan, güclü kollektiv formalaşdırır.
Oyunçuların kluba olan sevgisi, gələn “yağlı təkliflərə” rəğmən klubun rənglərinə sadiq qalmaları və meydanda əsl döyüşçü əzmkarlığı ilə mübarizə aparmaları qələbənin təmin edilməsində başlıca vasitədir.
Məhz belə mühitdə uğur təsadüfi deyil: bu, illərdir qurulan inam və qarşılıqlı etimadın nəticəsidir.
“Köhlən atlar”ın uğurları təkcə oyun keyfiyyəti ilə deyil, klub daxilində daim qorunan sədaqət və birlik ənənəsi ilə də izah oluna bilər.
“Qarabağ” bu gün yalnız bir futbol klubu deyil, adını daşıdığı torpaqların ruhunu və onu sevən on minlərlə insanın sarsılmaz inamını meydanda yaşadan bir simvola çevrilib.
Ümid edək ki, bu uğur yolu digər ölkə təmsilçilərimiz üçün də bir mayaka çevriləcək və futbolumuz zamanla bambaşqa bir eraya qədəm qoyacaq…
Sima Cəfərova
Xüsusi olaraq Sportinfo.az üçün

