"Qarabağ" "Nyukasıl"la oyun öncəsi son sınağından üzüağ çıxmağı bacardı.
Komanda "İmişli" səfərində 3 xala sevindi - 0:1.
Bu, "atlılar"a heç də asan başa gəlmədi.
Cəmi bir neçə həftə əvvəl "Enfild Rould"da oynamış, bir neçə gün sonra "Nyukasıl"ı qonaq edəcək Ağdam klubu bu dəfə palçıq meydanda futbol oynamağa məhkum idi.
Buna meydan demək olarsa...
Medinası, Duranı, Zubiri, Montieli bilmirdi sağlamlığını düşünsün, yoxsa qol vurub qələbə qazanmağı.
Vəziyyət o qədər ağır idi ki, Qurban Qurbanov da dilə gəldi.
Hətta üsyan etdi: "Belə meydançada futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm. Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar. Çox danışmaq istəmirəm. Bəzi iradları bildirəndə deyirlər ki, ancaq "Qarabağ"ı düşünür. Bu meydançanı görməyə nə Qurban lazımdır, nə də başqası. Belə olmaz. Dərindən düşünsək, hər şeyin çıxış yolu var. Belə meydançada "Nyukasl'la oyuna necə hazırlaşım? Gərək 3-4 gün futbolçuları bərpa edək. Oyunçular ikiqat yükləndilər. Meydança müzakirə olunası mövzudur. Burada təkcə biz oynamırıq. Məncə, bütün komandalar şikayət edir. Oturub gözləyirdim ki, oyun nə vaxt qurtaracaq. Futboldan başqa nə desən var idi".
Məncə meydança ilə bağlı əlavə şərhə ehtiyac yoxdur.
"Qarabağ"ın sıx qrafikdə oynamağa alışmasını, rəqibin Liverpul olmasından asılı olmayaraq qələbə qazanmasını istəyənlər bir də bu cür xırda problemlərlə məşğul olsa yaxşıdır.
Gələk oyuna...
Dərd gələndə batmanla gəlir.
Məsəl "Qarabağ"ın bu günündə tam yerinə oturur.
Yararsız meydançanın yaratdığı ciddi problemin azmış kimi, bir də Kadi Borqes qırmızı vərəqə almaqla komandasını azlıqda qoydu.
Hər şey "Qarabağ"ın xal itkisini doğru gedirdi.
Musa Qurbanlı olmasaydı.
İkinci hissədə meydana çıxan hücumçu çətin gündə kollektivin dadına çatdı.
79-cu dəqiqədə vurduğu qolla gəmini batmağa qoymadı.
"İmişli" də xoş sözlərə layiq mübarizə apardı.
Son çempionla görüşdə özünü debütant kimi göstərmədi.
Hətta bir qədər şansı gətirsə qarşılaşmadan xal və ya xallarla ayrıla bilərdi.
Baş hakim Cavid Cəlilovun qərarları isə müzakirələrə açıqdır.
Kadi Borqesə niyə qırmızı vərəqə göstərildi?
Almeyda niyə meydandan qovuldu?
Normal çəkiliş/təkrar olmadı ki, baxıb fikir bildirə biləsən.
Azarkeşlər isə möhtəşəm idi.
7000 nəfərlik Quba Olimpiya Kompleksinin tribunalarına ən azı 4-5 min tamaşaçı cəm olmuşdu.
"İmişli" mövsümün əvvəlindən burada ev oyunlarını keçirir. İlk dəfə bu cür anşlaq yaşanırdı.
Təbii ki, bu da birmənalı olaraq "Qarabağ"ın adı ilə bağlıydı. Artıq Ağdam klubunun səfər oyunlarında azarkeş izdihamı görməyə alışmışıq.
Səviyyənin qalxması, liqanın maraqlı olması yolunda çox vacib məqamdır.
Ümid edək ki, Premyer Liqanın digər görüşlərində də belə futbol havası yaşansın.
XANOĞLAN İMANOV

