Nəriman ABŞ-a hansı xətlə gedib? – Transferin gizli tərəfləri ÜZƏ ÇIXDI

16:40 Qarabağ 411
Nəriman ABŞ-a hansı xətlə gedib? – Transferin gizli tərəfləri ÜZƏ ÇIXDI

Nəriman Axundzadənin ABŞ klubuna keçəcəyi ilə bağlı günlər öncə verdiyimiz xəbər rəsmi təsdiqini tapdı.

“Qarabağ” rəsmi mənbələr vasitəsi ilə 21 yaşlı hücumçunun karyerasını MLS Liqasında mübarizə aparan “Kolombus Kryu” klubunda davam etdirəcəyini bəyan edib.

Transferin reallaşmasından sonra ortaya çıxan suallardan biri Nərimanın okeanın o biri tayına kimin vasitəsilə yollanmasıdır. Hər halda, Avropa klubu deyil ki, avrokuboklardakı oyunlar zamanı diqqət çəkdiyini ehtimal edəsən.

İlk ağıla gələn ad təbii ki, Ansi Aqollidir.

“Qarabağ”ın unudulmaz adlarından hesab olunan albaniyalı karyerasını başa vurandan sonra ABŞ-a yollanıb, 7 ildir orada yaşayır və futbol camiəsinə yaxın şəxs kimi tanınır.

Digər ehtimal “Kolombus Kryu”nun baş məşqçisinin adıdır – Henrik Ridström.

49 yaşlı isveçli mütəxəssis 2022-2025-ci illər aralığında “Malmö”nü çalışdırıb. Və hər nə qədər maraqlı olsa da, 2024-ün payızında Avropa Liqasının Liqa mərhələsi çərçivəsində Bakıda baş tutan “Qarabağ” – “Malmö” matçı zamanı qonaq komandanın baş məşqçisi olub.

İsveç təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi oyunda Nəriman meydana çıxmayıb, sona qədər ehtiyatda qalıb.

Həmyerlimizin ABŞ-a yollanmasında nə Ansinin rolu olub, nə də ötən aydan “Kolombus Kryu”ya rəhbərlik edən yeni baş məşqçinin.

Transfer iki klubun arasında aylardır davam edən müzakirələrin nəticəsində gerçəkləşib.

Maraq hardan və necə yaranıb?

Nəriman ötən yay Çempionlar Liqasının təsnifat mərhələsindəki 6 oyunda rəqib qapılarına 2 qol vurub, 2 qolun ötürməsini verəndə.

“Qarabağ”la əməkdaşlıq edən xarici agentlər Azərbaycanda 21 yaşlı istedadın olması ilə bağlı bir neçə Avropa və ABŞ klubunu məlumatlandırıb.

Müxtəlif klublarla bir müddət davam edən danışıqların yekununda “köhlən atlar” “Kolombus Kryu”nun transferdə son dərəcə iddialı olduğunu hiss edərək digər variantları kənara qoyub.

Təxminən 6 ay davam edən danışıqlara bir neçə gün öncə nöqtə qoyulub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti