Nəriman canını götürüb getdi - Qurban Qurbanov daha onların nazı ilə oynamayacaq!

12 Fevral 22:20 Qarabağ 258
Nəriman canını götürüb getdi - Qurban Qurbanov daha onların nazı ilə oynamayacaq!

Ölkə futbolu Nəriman Axundzadədən canını qurtardı.

Bəlkə də əksinə, hücumçu yerli-yersiz tənqid olunduğu vətənindən canını götürüb getdi.

Nə Avropaya, nə də Asiyaya.

Birbaşa okeanın o tayına - Amerika Birləşmiş Ştatlarına.

Dünya ulduzu Lionel Messinin çıxış etdiyi MLS-ə.

Daha tənqidlərə yox, argentinalı əfsanəyə qarşı mübarizə aparacaq.

Yeni klubu "Kolambus Kru"da "Qarabağ"dakı maaşından ən azı 10 dəfə çox qazancaq.

Müqavilənin müddəti də 3+2 illik.

Hətta "Qarabağ"a 1.5 milyon dollar təzminat ödəniləcək.

Bu da azarkeşlərin linç etdiyi, futbolçu saymadığı Nərimana amerikalıların verdiyi dəyər, göstərdiyi inam.

Bir sözlə, milli komandamızın oyunçusu üçün hər şey ən üst səviyyədə təşkil olunub.

Qalır yola düşmək... O da qısa müddətdə reallaşacaq.

Nərimanın gedişi azarkeşlər tərəfindən sevinclə qarşılandı.

Toy-bayram səviyyəsində qeyd olunur.

Bəs bundan sonrası?

Onun yerinə kimimiz var?

Ümumiyyətlə varmı?

Ən böyük problem budur.

İllərdi ölkə futbolu tək "Qarabağ"ın ümidinə qalıb.

Təkcə avrokuboklardakı uğurlarına görə yox.

Həm də milli komandamıza verdiyi normal yerli oyunçulara görə Qurban Qurbanova təşəkkür düşür.

Elvin Cəfərquliyevi, Bəhlul Mustafazadəsi, Qara Qarayevi, Maksim Medvedevi, Əfran İsmayılovu, Rauf Əliyevi, Toral Bayramovu məhz ən yaxşı formalarına "Qarabağ"da çatıblar. Pisin içində ən yaxşılarımız ola biliblər.

Əksəriyyəti başqa klubların yetirməsi olsa da qəbul edək ki, peşəkar futbolçu kimi "Qarabağ"da yetişiblər.

Bunda legioner limitinin olması əsas dayaq nöqtəsi idi.

Çünki ölkədə normal futbol akademiyası yoxdur. Futbolçu yetişdirəcək sistem yoxdur.

Ümid limitin hesabına oynamaq şansı alanlara qalmışdı. Çıxış yolu olmasa da.

Amma artıq belə bir tələb qalmayıb. Klublar istədiyi qədər legioner oynada bilər.

"Turan Tovuz", "Sabah", "Neftçi" bütünlüklə legionerləşmək yolunda iri addımlarını atır.

Bundan sonra Qurbanov da haqlı olaraq yerlilərin nazı ilə oynayası deyil.

Klubdan ayrılması an məsələsi olan Elvin Cəfərquliyevin yerinə artıq əcnəbi oyunçu Jeremi Qnali alınıb.

Sabah Elvin də, Bəhlul da, Toral da gedəcək.

Bəs kimimiz qalacaq?

Qısası, hər ötən gün yaxşı yerli oyunçu problemi daha da dərinləşir. Ən acınacaqlısı da odur ki, bunun fərqinə varan, həllinə çalışan kimsə yoxdur.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...
12 Fevral 02:00 Bizi bağışla, Nəriman!