Qurban Qurbanovun gündüzə qarışan gecələri

19:00 Qarabağ 307
Qurban Qurbanovun gündüzə qarışan gecələri

“Qarabağ” klub tarixinin bəlkə də ən çətin, ən məsuliyyətli dönəmini yaşayır.

Qurban Qurbanov gecələrini gündüzə qatıb düşünür, plan cızır, çıxış yolları axtarır.

Bir tərəfdə Çempionlar Liqası kimi məsuliyyətli turnirdə uğur qazanmaq sevdası, digər tərəfdə Premyer Liqada növbəti çempionluğu bayram etməyin planı, o biri yanda Azərbaycan kubokunda mərhələ adlamaqla ötən il “Sabah”a uduzduğu qəniməti geri qaytarmaq niyyəti.

Ağdamlılar 29 gündə 9 oyun keçirib, sınaqlardan üzüağ çıxmalıdır ki, hər üç cəbhədə istəyinə çata bilsin.

Hər nə qədər ağır olsa da, etiraf etməliyik ki, mövcud vəziyyətdə bütün tapşırıqların öhdəsindən gəlmək stəkanı qaldırıb su içmək qədər asan deyil.

“Sabah” adlı təhlükə qapıdadır. Sakit-səssiz dayanıb, “Qarabağ”ı pusur. Arada 4 xallıq fərq yaratmaqla turnir cədvəlinin ilk pilləsində özünə taxt qurub.

“Köhlən atlar” qısa zaman kəsiyində iki dəfə Şamaxıya səfər edib süni örtükdə oynamalı (biri artıq geridə qalıb – H.), Qubada yararsız meydanda “İmişli”nin önünə çıxmalı, çempionatın ən prinsipial qarşılaşmasında “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirməli, “Nyukasl”la Bakıda qarşılaşmalı, 7-8 saatlıq məsafəni qət edəndən sonra İngiltərədə cavab matçına çıxmalı, bunlar azmış kimi, martın 1-də çempionluq yolundakı əsas rəqibi “Sabah”la oynamalıdır.

Bir də “Nyukasl” səddinin keçildiyini təsəvvür edərək, ondan sonra nələrin baş verəcəyini düşünək.

“Qarabağ” Çempionlar Liqasında 1/8 finala vəsiqəni təmin etməyi bacarsa, çempionluq şansı kifayət qədər azalacaq, “növbəti mövsümdə Avropa Liqası, yoxsa Konfrans Liqası” sualına cavab axtarmaq məcburiyyətində qalacağıq.

Azərbaycanın Avropadakı fəxrinin indiyə qədər etdikləri, yəni bura qədər gəlib çıxmasının özü ölkə futbolu adına çəkisi olmayan çox-çox böyük uğurdur.

Ancaq heç bir halda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni əldən vermək olmaz.

Bu gün “Nyukasl” səddinin keçilməsi ilə 5 manat qazanılacaqsa, sabah bir nömrəli klub turnirində iştirak etməklə əldə olunacaq mümkün 10 manat əldən çıxacaq.

Əlbəttə, çempionların yer aldığı yarışda sona qədər mübarizə aparmaq, “Qarabağ”ın və Azərbaycanın adını yüksəklərə qaldırmaq hər birimizin arzusudur. Lakin heç bir halda “Sabah” təhlükəsini, yəni çempionluğun əldən çıxmaq ehtimalını nəzərdən qaçırmaq olmaz.

Dəhşətli vəziyyətdir həqiqətən.

Necə deyərlər, yuxarı baxırsan, bığ, aşağı baxırsan, saqqal.

Ümid edək ki, Qurban Qurbanov rəhbərlik etdiyi komanda ilə birlikdə ağır sınaqdan üzüağ çıxmağı bacaracaq.

HƏBİB / SPORTINFO/AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti