"Ayntraxt" kimi komandalar artıq "Qarabağ"ı qorxutmur".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Ağdam komandasının sabiq kapitanı Maksim Medvedev deyib.
O, Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Almaniya təmsilçisi ilə baş tutan oyunla bağlı gözləntilərin özünü doğrultduğunu bildirib:
"Matçdan əvvəl şansların 50-nin 50-yə olduğunu demişdim. Belə görüşlərdə favorit seçmək çətindir. Heyət baxımından "Ayntraxt" bizdən üstün görünə bilərdi. Lakin doğma meydanda oynamağımız və azarkeş dəstəyi böyük üstünlük idi. Çox təzyiqli oyun keçdi, çünki komanda üzərində məsuliyyətin böyük olduğu hiss edilirdi. Ümumilikdə başabaş oyun gedirdi. Rəqib bizi, biz də rəqibi yaxşı təhlil etmişdik. Sona qədər mübarizə apardıq, komanda öz oyunundan əl çəkmədi. İnanırdıq ki, hesabda geridə olduğumuz matçı xeyrimizə çevirə bilərik. Bəhlulun möhtəşəm qolu sayəsində sonda istədiyimiz qələbəni qazandıq".
Hazırda Ağdam təmsilçisinin əvəzedicilərdən ibarət komandasını çalışdıran 36 yaşlı mütəxəssis artıq "Qarabağ"ın Avropanın iddialı klublarına qarşı oynamaq təcrübəsinə sahib olduğunu vurğulayıb:
"Qarabağ" artıq kifayət qədər təcrübə toplayıb və "Ayntraxt" kimi klublar bizi qorxutmur. Bəlkə 10 il əvvəl belə rəqiblərdən çəkinərdik, istər-istəməz sıxılırdıq, başa düşürdük ki, bizdən güclüdürlər. Amma indi "Qarabağ" üçün adın fərqi yoxdur. Biz rəqibi təhlil edib meydana çıxırıq. İstər "Real", istərsə də "Ayntraxt" olsun, adın bizim üçün önəmi yoxdur. Sübut etdik ki, rəqibin büdcəsinin böyük olması meydanda əsas rol oynamır. Hər şeyi futbolçuların hazırlığı və taktiki gedişlər həll edir. Komanda sabah hansı rəqiblə düşməsinə baxmayaraq, eyni futbolu oynayacaq. Məsələn, "Barselona" artıq fərqli oyun üslubuna üstünük verir. İndi onlara qarşı oynamaq bizim üçün daha rahat olar".
M.Medvedev Bəhlul Mustafazadənin vurduğu tarixi qolun əhəmiyyətindən söz açıb:
"Bəhlulla əlaqə saxlayıb, onu təbrik etmişəm. İnşallah, davamı gəlsin. Çempionlar Liqasının əsas mərhələsində azərbaycanlı futbolçunun qol vurması böyük hadisədir. O, neçə oyundur ki, sabit çıxış edir. Bu performansını daim saxlamasını arzu edirəm".
"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə "Ayntraxt"ı 3:2 hesabı ilə məğlub edib.

