“Dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik”

20:40 Qarabağ 183
“Dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik”

"Qarabağ" yalnız geridönüş edərək möhtəşəm qələbə qazanmadı. 90 dəqiqə almanlarla mükəmməl Azərbaycan-alman-ispan oyunu oynadı”.

Bu sözlər millət vəkili Fazil Mustafaya aiddir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini “Qarabağ”ın “Ayntraxt” üzərində 3:2 hesablı parlaq qələbəsinə biganə qalmayıb.

Fazil bəy “feysbuk” hesabında etdiyi paylaşımda qarşılaşmanı tanınmış futbol adamı ilə yanaşı izlədiyini yazaraq, Çempionlar Liqasındakı təmsilçimizə tərif yağdırıb.

O, baş hakim Sandro Şereri səhv tərəfkeçlik etməkdə suçlayaraq, “Qalatasaray” və “Fənərbağça” azarkeşlərinə atmaca atıb:

“Bu qədər səliqəli, sistemli oyunu bacaran komanda görmək ayrı bir xoşbəxtlikdir. İnanın ki, bu komanda məğlub olsaydı belə, oyundan aldığım zövqə qətiyyən xələl gəlməyəcəkdi.

Oyuna görkəmli futbol mütəxəssisi Yaşar Seyidovla birlikdə baxırdım.

Yaşar, hesab 1:2 olarkən çox soyuqqanlı şəkildə açıq bəyan etdi ki, bu oyun 3:2 bitməsə, o halda mənim futbol anlayışıma şübhə ilə yanaşa bilərsiniz. Tam isabət, söylədiyi kimi də oldu.

Hakimin avara hərəkətləri də komandamızı sındıra bilmədi. Bu cür oyunlardan sonra "Qalatasaray"dan, "Fənərbaxça"dan maraqlı oyun gözləyənlərin yenə də zövqlərini korlayacağını dəqiq bilirəm.

Artıq Türk dünyasında "Qarabağ"a həm "Qarabağsaray", həm də "Qarabağbağça" kimi baxılır. Söhbət toplanan xallardan getmir, sistem oyundan gedir.

Bu futbol Qurban Qurbanovun ixtirasıdır sanki. Sxemi cızıb verib, oyunçular dəqiq sxem üzrə hərəkət edirlər. Elvin, Medina, Duran, Yankoviç, Silva, Bəhlul- daha kimi deyim- hamısı mükəmməl!

Növbəti mərhələyə çıxarlar-çıxmazlar, bu, bir o qədər önəmli deyil. Dünyaya komanda göstərdik, məşqçi göstərdik, xarakter göstərdik!”

Çempionlar Liqasının Liqa mərhələsində növbəti qələbəsini qazanaraq xal sayını 10-a çatdıran “Qarabağ” hazırda 36 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Təmsilçimiz sonuncu görüşünü yanvarın 28-də səfərdə “Liverpul”a qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti