- “Qarabağ” hücumçu almalıdır!
- Bu hücumçularla uzağa getmək mümkün deyil!
- Tahir Gözəl xəsislik edir!
- Avrokuboklardan gələn pullar hara gedir?
- Hücuçu almayacaqdınızsa, Juninyonu niyə satırdınız?
Son 1 ildə sosial şəbəkələrdə bu və buna bənzər narazılıq dolu iradları eçşitməkdən qulaqlarımızın pərdəsi cırılmışdı az qala.
“Qarabağ”da üç hücumçu – Nəriman Axundzadə, Musa Qurbanlı və Kamilo Duran – varkən, azarkeşlərin bir qismi Qurban Qurbanovdan hücumçu tələb edirdi.
Ki, komandanın neçə qol vurması, hücum fazasında necə oynaması bizi maraqlandırmır. Mütləq və mütləq yeni forvard gəlməlidir!
Qurbanov həmin hücumçunu aylardır davam edən analizlərin yekunu kimi yayda tapmışdı. Sadəcə, ad-sanı olmadığına görə əksəriyyət onu ciddiyə almırdı.
Adı Kamilo, soyadı Durandır. Kolumbiya vətəndaşlığını daşıyır, Azərbaycana Portuqaliya Sequndasından təşrif buyurub. Sol ayağı işləkdir, sürəti ilə seçilir, son zərbələrində dəqiqlik var. Həm hücumun sivri ucunda, həm də yarımmüdafiənin cinahlarında oynamağı bacarır.
Komandaya avqustun sonlarında qoşulduğuna görə, “Qarabağ”la yay toplanışında iştirak edə bilməyib. Ona görə də yalnız Liqa mərhələsindən oynamağa başlayıb.
Sentyabrdan bu yana Çempionlar Liqasında meydana çıxdığı 7 oyunda rəqib qapılarına 4 qol vurub, 1 qolun ötürməsini verib.
İndi siz deyin, “Qarabağ”ın ehtiyatda paslanacaq, oynamayanda narazılıq yaradacaq, yalnız pulu düşünəcək ad-sanlı birinə ehtiyacı varmı?
Qurban Qurbanov transfer çalışmalarında nə etdiyini və edəcəyini yüz ölçüb, bir biçir. Adam zərgər qədər dəqiqdir. Barmağı ilə hansı futbolçunu göstərsə, rəhbərlik günü sabah onu Bakıya gətirmək imkanına sahibdir.
Hər ehtimala xatırladım, Musa cari mövsümdə 3 qol+2 assist, Nəriman 7 qol+3 assistlə yadda qalıb.
“Qarabağ”ın “konfet” kimi hücumçuları var. Hələ ki, başqasına ehtiyac yoxdur.
HƏBİB / SPORTİNFO.AZ

