Çempionlar Liqasında “Ayntraxt” səddini 3:2 hesablı qələbə ilə keçən “Qarabağ”ı pley-off mərhələsindən bir oyun ayırır.
Azərbaycanın Avropadakı qüruru yanvarın 28-də səfərdə “Liverpul”un önünə çıxacaq.
Buna qədər isə “köhlən atlar” Premyer Liqanın 17-ci turunda “Kəpəz”lə qarşılaşmalıdır.
Adətən, sıx qrafik yarananda, “Qarabağ”ın oyunu avrokubok görüşünə görə təxirə salınır.
Əsas məqsəd beynəlxalq arenada uğur qazanmaqdır ki, baş məşqçi Qurban Qurbanov futbolçularını yorğunluqdan və zədədən qorumaq üçün zaman-zaman bu addımı atıb.
Lakin bu dəfə təxirəsalma olmayacaq. Bu, sırf Qurbanovun istəyidir.
“Qarabağ” yeni ildə oyun təcrübəsinin azlığından əziyyət çəkdiyindən, üstəlik, “Ayntraxt” və “Liverpul”la oyunların arasında bir həftə fərq olduğundan, təcrübəli çalışdırıcı “Kəpəz”lə qarşılaşmanı əla fürsət hesab edir.
Odur ki, “Qarabağ” – “Kəpəz” qarşılaşması öncədən nəzərdə tutulduğu kimi baş tutacaq.
Yanvarın 24-də “Azersun Arena”da gerçəkləşəcək duel saat 16:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

