Tanrı qərəzə göz yummadı!

16:00 Qarabağ 145
Tanrı qərəzə göz yummadı!

Nəhayət, dörd oyunluq aradan sonra «Qarabağ» qələbənin tamını aldı.

Bu dad başqa dad idi: əvvəlkilərdən daha ləziz və şirin.

Bəhlul Mustafazadə ilə gəldi bu qəbələ. Onu ləzzətli edən qalibiyyət qolunun ən sonda - 90+4-cü dəqiqədə rəqib torunu silkələməsidir.

Bir qədər öncə penaltiyə səbəbkar olmuş müdafiəçi axırıncı hücum cəhdinə arxada dayanıb tamaşa eləmədi: cinah ötürməsinə kəsici və iti vuruşla toxundu.

«Qarabağ»ın artıq 10 xalı var, təsəvvür edirsiz? Bu, sadəcə, inanılmazdır!

Yatsaydıq, yuxumuza girməzdi. «Qarabağ» isə real həyatımıza şirin röya qatmaqda davam eləyir.

Artıq pley-off mərhələsinin biraddımlığındadır «Qarabağ». Sona 1 tur qalmış 18-ci pillədə olmaq nə deməkdir, bilirsiz?

Qurban Qurbanovun komandası uzaq Böyük Britaniya səfərində şanlı-şöhrətli «Liverpul»a uduzsa belə, ilk «24-lük»də yerini qorumaq fürsəti yaxalayıb.

Kaş, Tanrı bu yağışlı və dumanlı ölkədə də «Qarabağ»»ı «soyuq duş»dan qoruyar, növbəti möcuzəni ayağımıza gətirərdi.

«Ayntraxt»la oyun yaxşı başlasa da, yaxşı davam etmədi. Erkən qol vurduq, 6 dəqiqə sonra hesabı bərabərləşdirdilər.

75-ci dəqiqədə geri düşdük: isveçrəli referi Bəhlul Mustfazadənin sərt toxunuşunu sanki bayaqdan gözləyirmişcəsinə penalti nöqtəsini göstərdi.

Halbuki az öncə Kamil Durana qarşı almanların müdafiəçiləri eyni cür davranmışdı. Onda VAR da «söndü», baş hakim də. Heç nə olmamış kimi.

Ey qərəz, al payını indi! İlahi ədalət bu dəfə özünü göstərdi, «son söz mənimdir» dedi. Özü də almandilli referinin antiqəhrəman etməyə çalışdığı Bəhlulun vasitəsilə.

Elə zənn edirsiz ki, bu, təsadüfdür?

Ümumiyyətlə, bilək ki, nə həyatda, nə də bu həyatın bir parçası olan futbolda təsadüf olmur, ona yer yoxdur.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti