Hər kəs həyəcanla 21:45-i gözləyir.
Məhz həmin dəqiqədə Tofiq Bəhramov adına Respublika stadionunda isveçrəli hakim Sandro Şerer start fitini səsləndirəcək və “Qarabağ” – “Ayntraxt” qarşılaşması başlayacaq.
Azərbaycanlı futbolsevərlər qələbəyə köklənib. “Köhlən atlar”ın Liqa mərhələsini aşması üçün 3 xal mütləqdir. Hazırda aktivində 7 xal olan təçmsilçimiz sayı 10-a yüksəltməklə ciddi sıçrayışa nail ola bilər.
“Ayntraxt”ın vəziyyəti komandamızla müqayisədə bir az çətindir. 6 oyundan cəmi 4 xal yığan almanlar 36 komanda arasında 30-sı pillədə qərarlaşıb ki, Bakıdakı qələbə belə, onlara kömək etməyəcək. Sonuncu turda “Tottenhem”i də udmaq lazımdır ki, 10 xalla pley-offa yüksəlməyə ümid etsinlər.
Bəs, bugünkü qarşılaşmada UEFA-nın sanksiyasına uyğun olaraq stadiona buraxılmayacaq almaniyalı fanatlar nə düşünür? Bu matçın yekun nəticəsinə nə dərəcədə önəm verirlər? Oyuna maraq hansı səviyyədədir?
Klubun sosial şəbəkə hesablarına göz gəzdirəndə əsasən azərbaycanlı izləyicilərin şərhlərini görmək mümkündür. Həmyerlilərimiz böyük üstünlük təşkil etməklə qonaq komandaya meydan oxumaqla diqqət çəkməkdədir. Aralarında dostluq münasibəti nümayiş etdirən azərbaycanlılar da az deyil.
“Ayntraxt” azarkeşləri isə susmağı üstün tutmaqdadır. Görünür, komandanın Çempionlar Liqasındakı kimi, Bundesliqada da uğursuz çıxış etməsi tərəfdarları ruhdan salıb.
Almanların azsaylı şərhlərinin arasında bəzi maraqlı rəylər diqqətimizi çəkdiyindən, onları təqdim edirik:
“Guya qələbə qazanmağınız nəyi dəyişəcək? Vaxtında “ayılmaq” lazım idi. Artıq gecdir”.
“Waldstadion”da (“Ayntraxt”ın ev oyunlarını keçirdiyi stadion – H.) aylardır qalib gələ bilməyən komandanın 4 min kilometr uzaqdan 3 xal gətirəcəyinə inanmaq istəyirəm”.
“Artıq Dino yoxdur. Buyurun, meydan və söz sizindir”.
“Meydana ayaq basanda Rennenin devizini söyləməyi unutmayın” “Hər şeyini ver”. Bu gün qələbə bizim olacaq”.
“Qalib gəlsək belə, xal sayımız 7 olacaq. Pley-off çox uzaqdan görünür”.
“Ayaks” onları həmin stadionda məğlub etməyi bacarmışdı. İstəsəniz, siz də bacararsınız. Ancaq irəli!”
“İnam, məsuliyyət və dəqiqlik. Üç xüsusisiyyəti daşımaqla qələbəsizlik sindromuna son qoya bilərsiniz. Frankfurtun imici xatirinə qalib gəlin”.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

