"Ayntraxt" yaxşı günlərini yaşamır, bəs "Qarabağ"? - UNUDULAN PROBLEMLƏR

19:00 Qarabağ 126
"Ayntraxt" yaxşı günlərini yaşamır, bəs "Qarabağ"? - UNUDULAN PROBLEMLƏR

"Qarabağ" bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti matçına çıxacaq. Rəqib Almaniya təmsilçisi "Ayntraxt"dır.

Qazanılacaq qələbə Ağdam klubunun pley-off şanslarını birə beş artırmış olacaq.

Rəqibin düşərgəsində bir çaşqınlıq var. Baş məşqçi istefa verib. Səbəb son həftələr qeydə alınan uğursuzluqdur. Bəli, bütün bunlar bizə yaxşı fürsət yaradır, ümid verir.

Bəs "Qarabağ"ın vəziyyəti necədir?

Məncə, əsas sual budur.

Almanları müzakirə edib, sanki özümüzü unuduruq.

Rəqib ÇL-də son 5 matçda 1 xal qazanıbsa, Qurban Qurbanovun komandası da son 4 görüşdə qələbəni unudub.

"Ayntraxt" "Bundesliqa"dakı son 4 görüşdə 1 məğlubiyyət alıb, 3 görüşdə bərabərliklə yadda qalıb.

Məsələ ondadır ki, "kəhər atlar"ın da liqada işi yağ-bal içində getmir.

Son 4 matçda 2 qələbə qazanmaq mümkün olub. "Sabah"a məğlubiyyət hətta birinci pillənin əldən çıxmasına səbəb olur.

Deyəsən, Premyer Liqada yaranmış fasilə ona qədər yaşananları bir qədər unutdurub.

Düzdü, qış təlim-məşq toplanışındakı yaxşı istirahət, yoxlama matçlarındakı müsbət nəticə və yaxşı oyun gələcəyə ümidlə baxmağa imkan verir.

Amma əsas olan rəsmi görüşdür.

Bu gecə dəqiq bilinəcək ki, ötən ilin sonlarında yaşanan enişi arxada qoymaq mümkün olub, yoxsa yox.

Qısası, Qurban Qurbanovu da qayğılandıran məsələlər az deyil.

Rəqib düşərgədə başverənlərə aldanıb, qələbə barədə düşünmək "Ayaks"a məğlubiyyətin eynisini təkrar qarşımıza çıxara bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”