“Qarabağ” Çempionlar Liqasında ən vacib oyunlarından birini keçirəcək.
Son iki görüşdə “Napoli” ilə “Ayaks”a məğlub olaraq pley-off şansını çətinə salan təmsilçimiz hədəfə çatmaq üçün “Ayntraxt”ı məğlub etməlidir.
Son 5 ildə mütəmadi avrokubokların qrup mərhələsinə mübarizə aparan Frankfurt komandası bütün hallarda qrup səddini aşmağı bacarıb.
Sonuncu dəfə 20 il əvvəl, 2006/07 mövsümündə o vaxtkı adı UEFA kuboku olan turnirdə qrup səddində “ilişib”. Növbəti illərdə 8 halda istəyinə çataraq pley-offa yüksəlib.
Hazırkı “Ayntraxt” son illərdə ən çətin dönəmini yaşayır. İstər Bundesliqada, istərsə də Çempionlar Liqasında işləri qaydasında getməyən “qırmızı-ağlar” Bakıda qələbə qazanmaqla vəziyyəti xeyrinə dəyişmək istəyir.
“Qarabağ”ın rəqibinin son oyunlardakı nəticələri ilə bağlı statistik məlumatları təqdim edirik.
* ”Ayntraxt” Çempionlar Liqasında sonuncu qələbəsini 4 ay əvvəl, ötən ilin sentyabrın 18-də “Qalatasaray” üzərində qazanıb – 5:1.
* “Ayntraxt” Çempionlar Liqasında son 5 matçın heç birində qalib gəlməyib – 1 heç-heçə, 4 məğlubiyyət.
* “Ayntraxt” Çempionlar Liqasında son 5 oyunun 3-də darmadağın olub – 1:5, 1:5, 0:3.
* “Ayntraxt” avrokuboklarda keçirdiyi son 4 səfər qarşılaşmasının 2-də uduzub, 2-də bərabərə qalıb.
* “Ayntraxt” Bundesliqada 4 oyundur qələbə üzünə həsrətdir. Sonuncu dəfə 3 xalın nə olduğunu dekabrın 13-də “Auqsburq”la dueldə hiss edib – 1:0.
* “Ayntraxt” Çempionlar Liqası və Bundesliqa nəzərə alınmaqla son 9 görüşdə yalnız 1 qələbə qazanıb.
* “Ayntraxt” Bundesliqada son 4 oyunda qələbə qazana bilməsə də, bütün hallarda rəqib qapılarına yol tapmağı bacarıb – 9 qol.
Statistik rəqəmlər də frankfurtluların hansı vəziyyətdə olduğunu göstərir. Hər bir halda rəqib komanda Almaniyanı təmsil edir və düşdüyü vəziyyətə baxmayaraq, qol vurmağı bacarır.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyun saat 21:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

