Ürək döyüntüləri sürətini artırır, həyəcan bürüyür, saatın əqrəblərini, necə deyərlər, iplə çəkirik.
Avropadakı qürur mənbəyimiz “Qarabağ” bu axşam tarixinin ən vacib qarşılaşmalarından birini keçirəcək.
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla üzümüzü güldürən “köhlən atlar” pley-offa yüksəlmək üçün əla imkan əldə edib. Belə fürsət bir də Allah bilir nə vaxt ələ düşəcək.
Hazırda aktivində 7 xal olan ağdamlılar “Ayntraxt”ı məğlub etməklə sayı 10 edə, “Liverpul” səfərinə inamlı yollanmaqla 1 xalı bayram edə bilər. Bacarsalar, bu, 24 xoşbəxtdən biri olmaq şansını yaradacaq.
* “Qarabağ” rəqibini öz meydanında, 30 minə yaxın azarkeşin qarşısında qəbul edəcək. Respublika stadionunun futbolçularımız üçün cənnəti xatırlatması gün kimi aydındır. Burada özlərini əsl meydan sahibi kimi hiss etməklə bir çox rəqiblər üzərində qalib gəlməyi bacarıblar.
Meydan amili, azarkeş dəstəyi, torpaq, hava, su- hamısı “Qarabağ”ın xeyrinə işləyəcək. Rəqib isə 5 saatlıq uçuşun yorğunluğunu və alışmadığı iqlimin əziyyətini çəkəcək.
* ”Qarabağ” üçün çətin günlər 2025-ci ildə qaldı. İlin sonuna yaxın yorğun görünən futbolçular “Napoli” və “Ayaks” məğlubiyyətlərindən qaça bilməmişdi.
İndi hər biri gümrahdır, lazım olan enerjini tam yığıblar. Antalyadakı sınaq matçlarında qeydə alınan 3 qələbə “köhlən-atlar”ın son durumunu ortaya qoydu.
Yorğunluq candan çıxıb, qələbəyə inam artıb, pley-off çağırışı əlavə motivasiya verir. Qalır baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını layiqincə yerinə yetirmək və mümkün qədər az səhv etmək.
* ”Ayntraxt”ın Bakı səfəri öncəsi baş məşqçi ilə vidalaşması, komandanın Çempionlar Liqasında son 5, Bundesliqa son 4 oyunda qələbə üzünə həsrət qalması rəqibin yaxşı vəziyyətdə olmadığını göstərir.
Ab-hava qaydasında olmayanda, istənilən futbolu sərgiləmək müşkülə çevrilir. Belə anlarda psixoloji amil olduqca önəmlidir ki, “Ayntraxt” bu baxımdan axsayır. Təcrübəsiz alman məşqçilərin çiyinlərində illərin təcrübəsini daşıyan Qurban Qurbanovla dueldən başıuca ayrılması son dərəcə çətin görünür.
Bu gün “Qarabağ”ın gecəsi olmalıdır. Dünən ağ qara bürünən Bakıda bu axşam qələbə səsləri eşidilməlidir.
Qələbə qoxusu burnumuzun ucundadır. Qalır onu doyunca içimizə çəkmək.
Qarşısında Ağdam adını daşıyan komanda indiyə qədər nələrdən keçməyi, nələri bacarmayıb?
“Ayntraxt”ı udmaq onun üçün heç nədir.
HƏBİB / SPORTİNFO.AZ

