Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” oyunu üçün təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Meydan əsas söz sahibi Sandro Şerer olacaq.
Yan xətlərdə ona Stefan De Almeyda və Conas Erni kömək edəcək. Dördüncü hakim funksiyasını Yohannes von Mandaç yerinə yetirəcək.
37 yaşlı hakimin geniş təqdimata ehtiyacı yoxdur. Avropa futbolu ilə yaxından maraqlananlar onu yaxşı tanıyır.
2013-cü ildən, yəni 26 yaşından İsveçrənin yüksək liqa matçlarına təyinat alan Şerer 2015-ci ildən yaxasında FİFA-nın emblemini daşıyır.
2022-ci ildən hakimlər üçün nəzərdə tutulan elit kateqoriyaya daxil olan isveçrəli referi 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatında iki oyunu idarə edib. Ötən ilin iyununda Millətlər Liqasının final qarşılaşması çərçivəsində baş tutan İspniya – Portuqaliya duelində də meydanda qərar verən şəxs məhz bu adam olub.
Hakimliklə yanaşı, məktəbdə Bədə Tərbiyəsi müəllimi işləyən Sandro üçün “Qarabağ” adı kifayət qədər tanışdır.
İsveçrəli ədalət qoruyucusu indiyə qədər “köhlən atlar”ın 3, Azərbaycan millisinin 1 matçında iş başında olub.
Bizimkilərlə yolu ilk dəfə 2018-ci ildə kəsişib. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Vorskla” ilə Ukraynada oynayanda, qərarları Şerer verib.
Təmsilçimizin 1:0 hesablı qələbəyə sevindiyi qarşılaşmada bu hakim rəqibin qapısına penalti təyin edib, Araz Abdullayev bu imkandan maksimum yararlanıb.
2019-cu ildə yenə Avropa Liqasında, bu dəfə Şimali İrlandiyada “Linfild”lə oyunda Şerer “Qarabağ”I yaxından görmək imkanı qazanıb.
Gərgin mübarizə şəraitində keçən dueldə “köhlən atlar” meydanı 2:3 hesablı yenilgi ilə tərk edib. Yeri gəlmişkən, Sandro bu dəfə də xeyrimizə penalty təyin edib, Maqaye Gueye dəqiq oynayıb.
Elə həmin ilin payızında haqqında danışdığımız adam AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Xorvatiya qarşılaşmasını idarə etmək üçün Bakıya gəlib.
1:1 hesabı ilə başa çatan dueldə Şerer yenə penalty qərarı ilə diqqət çəkib. Lakin bu dəfə rəqibin xeyrinə. Luka Modriç 11 metrlik nqötədən dəqiq zərbə ilə hesabı açıb.
Yenə “Qarabağ”, yenə Avropa Liqası və yenə səfər oyunu. 2020-ci ildə, “koronavirus” dövründə Türkiyədə keçirilən “Sivasspor” – “Qarabağ” görüşü isveçrəliyə tapşırılıb. Bu dəfə qapılaraın heç birinə penalty təyin etməsə də, yenə rəqibin qələbəsinə şahidlik edib – 0:2.
Statistikadan da göründüyü kimi, Sandro Şererin idarə etdiyini 4 matçda təmsilçilərimiz cəmi 1 qələbəyə sevinib. “Qarabağ” isə 3 oyunun 2-də məğlubiyyət acısı dadıb.
Daha bir maraqlı fakt 4 qarşılaşmanın 3-də 11 metrlik cərimə zərbəsinin qeydə alınmasıdır.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Ayntraxt” matçının start fiti saat 21:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

