"Bu gün 20 yanvardır, bilirəm ki, ölkə üçün çox kədərli gündür.
Bundan 26 il əvvəl çoxlu insan müstəqillik üçün küçələrə axın etmişdi və həyatlarını qurban vermişdi. Allah onlara rəhmət etsin".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Bikalyo Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah "Ayntraxt"a qarşı keçirəcəkləri ev oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
24 yaşlı yarımmüdafiəçi Frankfurt təmsilçisi ilə görüşün komandası üçün əhəmiyyətli olduğunu vurğulayıb:
"Oyunla bağlı deyə bilərəm ki, bu, Çempionlar Liqasıdır. Bizm üçün çox önəmli matçdır.
Bildiyiniz kimi, biz Türkiyədə idik və orada kiçik təlim-məşq toplanışı keçdik. Bu da bizim üçün vacib idi.
İnanıram və ümid edirəm ki, təlim-məşq toplanışında üzərində işlədiklərimizi sabahkı oyunda həyata keçirə biləcəyik".
Braziliyalı futbolçu sabahkı oyunun öz karyerası üçün də xüsusi önəm kəsb etdiyini qeyd edib:
"Turnirin nəhəngliyini və oyunun vacibliyini nəzərə alsaq, əminliklə deyə bilərəm ki, doğrudan da bu matç mənim karyeram üçün də çox vacibdir. Qalib gələcəyimiz halda nələr olacağını təsəvvür edə bilirsiniz".
O, "Yenidən oyunun ən yaxşısı seçilmək kimi bir məqsədiniz varmı" salına belə cavab verib:
"Belə bir məqsədim yoxdur. Əsas olan komandamızın qələbə qazanmasıdır
. Oyundan sonra kimin matçın ən yaxşısı seçiləcəyi artıq başqa məsələdir. Matçın ən yaxşısı seçilmək kimi bir məqsədim yoxdur".
P.Bikalyo transfer iddialarına da münasibət bildirib. O, belə xəbərlərin "Ayntraxt"la matça köklənməyinə problem yaratmadığını söyləyib:
"Qətiyyətlə deyə bilərəm ki, bu, mənə heç bir maneə törətmir. Bu oyun mənim karyeramın ən vacib matçıdır.
Digər məsələlər Qurban Qurbanovun, klub rəhbərliyinin işləridir. Mən yalnız oyunu düşünürəm".
Xatırladaq ki, P.Bikalyo Çempiolar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika" ilə oyunun (3:2) ən yaxşısı seçilmişdi.
"Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

