«Qarabağ»ın Nəriman Axundzadəni satmaq qərarına gəlməsinin səbəbi məlum olub.
Bu təşəbbüs hücumçunun özünə məxsusdur.
O, bir neçə gün öncə Qurban Qurbanovla görüşüb. Baş məşqçi ilə söhbətində nəinki klubdan, ümumiyyətlə, Azərbaycandan ayrılmaq istədiyini istədiyini bildirib.
22 yaşlı forvard deyib ki, «Ayaks»la Çempionlar Liqasının əsas mərhələsinin altıncı tur matçından sonra üzərində böyük təzyiq var.
«Artıq dözə bilmirəm» söyləyən «Xəzər Lənkəran»ın yetirməsi qeyd edib ki, sosial şəbəkələrdə haqqında yazılan mənfi rəylərdən xəbərdardır və bu, ona çox pis təsir göstərir.
Üstəlik, ictimaiyyət arasına çıxmaq da bir problemə dönüb.
Hara gedirsə, kiminlə görüşürsə, mütləq «Ayaks»la oyundakı performansına görə tənqidlər eşidir. Axundzadə psixoloji cəhətdən çox yorulduğunu, mühiti dəyişmək zərurəti hiss etdiyini vurğulayıb.
Təcrübəli mütəxəssis oyunçunun yaşadığı problemə həssas yanaşıb. Qurbanov belə vəziyyətdə çıxış etməyin çətin olduğu fikri ilə razılaşıb və qərar verməyi Nərimanın özünə buraxıb.
O, ABŞ-yə üz tutacaq. Yolu MLS-ədir.
Lənkəranlı ön xətt oyunçusu «Kolambus Kru»la anlaşıb. Hücumçu növbəti 1-2 gün ərzində Azərbaycanı tərk edəcək.
«Qarabağ»dan aldığımız məlumata görə, onun «Kolambus Kru»ya keçid şərtləri razılaşdırılıb. Sadəcə, bəzi texniki və sənədləşmə prosesi qalıb, bu da qısa müddətdə aradan qalxacaq.
Hazırda viza açılmasını gözləyən forvard yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun çıxışı MLS iştirakçısını razı salarsa, kontrakt daha 2 il müddətinə uzadılacaq.
Nərimanın 2016-cı ildən formasını geyindiyi Ağdam klubu ilə müqaviləsi gələn yay bitəcək, Odur ki, «köhlən atlar» bu keçiddən müəyyən qazanc əldə edəcək.
O, "Qarabağ"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ

