“Hər kəs canını qoyacaq” - “Qarabağ”ın hücumçusu

01:00 Qarabağ 73
“Hər kəs canını qoyacaq” - “Qarabağ”ın hücumçusu

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Premyer Liqanın 13-cü turunda “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sualları cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Asan oyun olmadı. Əsas odur ki, qələbə qazandıq. Bu matçda 3 xal bizim üçün vacib idi. Rəqib çox yaxşı müdafiə olunurdu. Bütün fikirləri müdafiədə idi. Buna görə də bizim üçün hücum qurmaq, təhlükəli epizodlar yaratmaq heç də asan deyildi. Boşluq vermirdilər. Amma sonda lazımi qolları vurduq və qələbə qazandıq.

- İlk hissədə “Karvan-Yevlax”ın qapısına yol tapa bilməməyinizə səbəb nə idi: rəqibin kompakt müdafiə olunması, yoxsa əsas heyət üzvlərinin meydanda olmaması?

- Rəqibin kompakt müdafiə olunması deyərdim.

- Qarşıdan kubok, ardınca çempionat, daha sonra isə yenidən Çempionlar Liqasının oyunu gəlir. Qış fasiləsinə yaxın “Qarabağ” bu sıx qrafikə hazırdır?

- Yetəri qədər futbolçumuz var. Düzdür, istər-istəməz yorğunluq olacaq, lakin hamı komanda üçün əlindən gələni edir. Meydana kimin çıxması fərq etmir. Hər kəs komandanın uğuru üçün meydanda canını qoyacaq.

- Hazırda Çempionlar Liqasında “Qarabağ”ın 7 xalı var, növbəti rəqibiniz olan “Ayaks” isə xala həsrətdir. Bunu komandanız üçün üstünlük hesab etmək olar?

- Belə komandalara qarşı üstünlükdən danışmaq yaxşı fikir deyil. İstər “Ayaks”, istər digərləri dünya səviyyəli rəqiblərdir. Ciddi hazırlaşıb 3 xal üçün mübarizə aparacağıq.

- “Qarabağ”ın pley-off şanslarını necə dəyərləndirirsiniz?

- Şans var. Çalışacağıq bu şansdan istifadə edək. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.

- Son 3 turda “Qarabağ” neçə xal toplaya bilər?

- Açığı, bu barədə düşünməmişəm, hesablama aparmamışam. Maksimum dərəcədə yaxşı çıxış etməyə və xallar qazanmağa çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 18:10 Çək və bizə göndər!
1 Dekabr 17:20 II Liqada 4:1 günü