“Qarabağ” ağır dönəmə qədəm qoyur.
Onsuz da sıx qrafik altında meydana çıxan “köhlən atlar” dekabr ayında sözün əsl mənasında zülm çəkəcək.
Azərbaycan çempionu 18 gün ərzində 6 oyun keçirmək məcburiyyətindədir.
Dekabrın 3-də Azərbaycan kubokunda “Karvan-Yevlax”ı qəbul edəcək ağdamlılar bundan 3 gün sonra Premyer Liqanın 14-cü turu çərçivəsində “Zirə”nin qonağı olacaq.
Dekabrın 10-da Çempionlar Liqasında “Ayaks”la ev oyunu var. Ayın 14-də “Araz-Naxçıvan”la 15-ci turun qarşılaşması, 18-də “Sabah”la 1-ci turdan təxirə salınmış oyun, 21-də “Qəbələ” ilə səfərdə 16-cı turun görüşü baş tutmalıdır.
Vəziyyətin bu cür olması baş məşqçi Qurban Qurbanovu qayğılandırmağa bilməz. Təcrübəli çalışdırıcı hər üç cəbhədə uğur qazanmaq üçün rotasiyalar etməli, futbolçularının zədələnməməsi üçün əllərini göyə açmalıdır.
Futbolçuların fiziki durumunu normada saxlamaq, rəqiblərə uyğun heyət qurmaq da birbaşa baş məşqçinin üzərinə düşən yükdür.
18 gün ərzində üç gündənbir rəsmi oyunda meydana çıxmaq və qələbələri sıralamaq heç də asan görünmür.
HƏBİB / SPORTİNFO.AZ

