Futbol mütəxəssisi Azər Məmmədov Sportinfo.az-a açıqlama verib.
"Qarabağ"ın veteran müdafiəçisi oyunçu kimi şərəfini qoruduğu komandanın Çempionlar Liqasının əsas mərhələsində "Napoli"yə məğlubiyyətini (0:2) şərh edib.
O, səfərdən xalsız qayıtmağımızı iki səbəbə bağlayıb:
"Qarabağ" haqqında ancaq xoş sözlər deyə bilərəm. Çünki bu komanda ölkəmizi Çempionlar Liqasında öz bacarığından daha artıq şəkildə təmsil edir.
Son oyun bunu növbəti dəfə göstərdi. "Napoli" evində heç də rahat qələbə qazana bilmədi.
"Qarabağ" çox yaxşı oyun keçirdi. Qorxmadı, sərbəst öz oyununu oynadı.
Düşünürəm ki, komandamız dünya futbolunda rəğbət qazanacaq oyun sərgilədi. Unutmayaq ki, "Qarabağ" İtaliya çempionuna qarşı çıxış edirdi.
Məğlubiyyətə nə səbəb oldu? Bir şeyi qeyd edim ki, hətta Azərbaycan çempionatında məcburiyyətdən mərkəz müdafiəçisini dəyişəndə oyuna təsirsiz ötüşmür.
Hələm-hələm Kevin Medina kimi oyunçunu itirmək asan deyildi.
Medinanın meydanı tərk etməsi "Qarabağ"a böyük problem yaratdı. Bir də Konte amilini unutmayaq.
Mütəxəssis oyuna "beşli" müdafiə ilə başlamışdı. Medinanın əvəzləndiyi dəqiqələrdə müdafiəçini hücumçu ilə əvəzlədi.
Tam olaraq hücuma diqqət ayırdığını göstərmiş oldu. Məncə, bu iki məqam nəticəyə təsir etdi.
Amma onu da unutmayaq ki, rəqib "Napoli"dir. Buna rəğmən komandamız layiqli mübarizə apardı.
Məğlubiyyətə rəğmən, ləzzət alaraq oyunu izlədik. "Qarabağ"a göstərdiyi mübarizəyə görə təşəkkür düşür".
XANOĞLAN

