Kevin Medina nə qədər ki meydanda idi, «Qarabağ»ın müdafiəsi birtəhər «Naroli»nin təzyiqinə dözürdü.
Kolumbiyalının üzünə dəyən o top ki var, «Qarabağ» elə həmin epizoddan sonra məğlubiyyətin nəfəsini kürəyində hiss elədi.
Medina aldığı zərbənin təsirindən tez ayılsa da, artıq qorxu «Qarabağ»da 9 nəfərin canına işləmişdi. Mateuş Koxalski istisna olmaqla, hamısı «Napoli»nin tezliklə hesabı açmasını gözləyirdi.
Qurban Qurbanov Kevin Medinanın halına yandı, riskə getmədi. Onu əvəzləməklə demək istədi ki, mənə futbolçumun sağlığı daha lazımlıdır, nəinki nəticə.
«Tank»ın kənara gəlməsiylə «Qarabağ»ın arxa xətti duruşunu tamamən itirdi, Sami Mmae bu dəyişikliyə hazırlıqsız yaxalandı.
Mərakeşlinin niyə aylardır ehtiyatda qalmasının əsl səbəbi üzə çıxdı - o, Medina qədər ürəkli deyil, topla irəli çıxmağı sevmir, məsuliyyəti üzərinə götürmür, hücumu başlatmır.
Zaqreb «Dinamo»sundan icarəyə götürülmüş ərəb Neapolda meydanda olduğu dəqiqələrdə özünə balaca bir dairə cızdı, hərəkət traektoriyasını böyütmədi.
«Qarabağ» bu turadək iki səfərə çıxıb. Portuqaliyada «Benfika»nın, İspaniyada «Atletik»in qonağı olub.
İlk iki səfərlə dünənki qarşılaşmanı müqayisə etsək, «Qarabağ»ın təhlükəli epizodlar yaratmaq, qolla burun-buruna qalmaq sarıdan gerilədiyini söyləməliyik.
«Napoli»nin qapıçısı iki-üç fraqment xaricində oyuna qoşulmadı. «Qarabağ»ın futbolçularına cərimə meydançası daxilində boş zona vermədilər, qapı istiqamətində zərbə endirmələri müsaidə etmədilər.
ELNUR

