"Gələcəklə bağlı plan qurmuram, "Qarabağ"la 1 ildən artıq müqaviləm var"

6 Mart 2021 00:42 Qarabağ 697
"Gələcəklə bağlı plan qurmuram, "Qarabağ"la 1 ildən artıq müqaviləm var"

Sportinfo.az Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Emil Balayevin müsahibəsini təqdim edir:

- Qazaxıstandakı uğurlu oyunlardan sonra məlum məsələlərə görə vətənə qayıtdın. Karyeranı Azərbaycanda davam etdirməklə bağlı qərarın sənə görə nə dərəcədə doğru idi? Nəzərə alaq ki, uzun müddətdir sabit olaraq çıxış etmirsən.

- Düzdür, Qazaxıstandan məlum səbəblərə görə ayrıldım. Çünki hadisələr də onu göstərdi ki, müharibə başladı. "Qarabağ"a keçməyi karyeramda geriyə düşmək kimi yox, əksinə uğur kimi dəyərləndirirəm.

- “Qarabağ”a qayıtmazdan əvvəl “Zirə”də oynadın. Həmin komandadan ayrılmağına səbəb nə oldu?

- "Zirə"də bir oyun keçirdim, mövsüm bitdikdən sonra müqaviləm başa çatdı. Daha sonra "Qarabağ"dan gələn təklifi müsbət dəyərləndirdim.

- “Qarabağ”dakı ab-hava ürəyincədirmi?

- Ürəyimcədir, çox mehriban kollektivi var, həm məşq, həm məşqdən kənar həyatdan, umumiyyətlə hər şeydən razıyam.

- Adətən, bir klubda əsas heyətdə möhkəmlənə bilməyən futbolçular mövsümün sonu oradan getməklə bağlı qərar verirlər. Sənin yeni mövsümlə bağlı planların nədən ibarətdir?

- Gələcəklə bağlı plan qurmuram. "Qarabağ"la bir ildən artıq müqaviləm var. Mən bu komandanın uğurları üçün çalışıram, başqa şey haqda fikirləşmirəm.

- “Tobol”da oynayarkən Qazaxıstan çempionatının ən güclü qapıçılarından sayılırdın. Mediada davamlı olaraq sənin haqda müsbət fikirlər səslənirdi. Azərbaycandakı keçirdiyin son bir ildə heç olubmu ki, qazax klubları yenidən səninlə təmasa keçsin?

- Azad agent statusu almayınca, fikirləşirəm ki, oyunçu ilə əlaqə saxlamaq bəlkə də düzgün olmaz. Hər bir klubun daxili qaydaları var. "Qarabağ"la müqaviləm olduğundan belə bir mövzü olsa, klubla əlaqə saxlamalıdırlar. Umumiyyətlə, bu haqda heç bir məlumatım yoxdur.

- Əvvəlki formana qayıtmaq sənin üçün çətin olmayacaq ki? Bu istiqamətdə əlavə məşqlər edirsənmi?

- Təbii ki, işimiz hər bir halda məşqdə maksimumunu etməkdir. Düzdür oynamayanda praktika baxımdan çətinliklər olur. Əlavə olaraq fərdi olaraq üzərimdə işləyirəm, formamı qoruyub saxlamağa çalışıram.

- Bu mövsüm Premyer Liqada 6 oyuna çıxmısam. Fikrincə, Azərbaycan milli komandasına dəvət almağın nə dərəcədə realdır?

- Milliyə dəvət barədə onu deyə bilərəm ki, millinin öz məşqçi heyəti var, son qərar onlarındır. Mən o dəvəti alsam, fəxrlə, qürur hissi ilə bayrağımızı beynalxalq arenada təmsil etməkdən şərəf duyaram.

- Milli komandamızın düşdüyü qrupla bağlı fikirlərin maraqlıdır. Millimizi yekunda qrupda neçənci yerdə görürsən?

- Özünüz də bilirsiniz ki, qrupumuzda həm ustalıq, həm fiziki, həm də taktiki cəhətdən yaxşı komandalar qərarlaşıb. Hamımızın məqsədi birdir. İstəyirik maksimum xal yığaq. Milli komandanın futbolçuları bir-birinə çox inanır. Ümid edirəm ki, normal xal yığa biləcəyik. Eyni zamanda hər bir komanda üzvünün, başda məşqçilər korpusu olmaqla hər kəs üst sırada qərarlaşmaq istəyir. Konkret olaraq isə yer deyə bilmərəm.

- Rəqiblərimizdən biri Portuqaliya millisidir. Əsas heyətdə yer alsan, Kriştiano Ronaldo – Emil Balayev duelini necə təsəvvür edirsən?

- Siz də qeyd etdiyiniz kimi, əgər əsas heyətdə yer alsam, mənim üçün əlamətdar hadisə olar. Dünya şöhrətli futbolçu ilə rəqib olmaq hər zaman xoş xatirə kimi qalacaq. Təsəvvür etməmişdim, amma siz sual verdiniz, indi təsəvvür etdim. (gülür)... Ustalıq səviyyəsi zirvədə olan futbolçudur. Onun üçün təsəvvür etmək çətindir (qol.az).

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!