Ötən mövsüm II Liqanı çempion qismində başa vuraraq I Liqaya vəsiqə qazanan “Baku Sportinq”də maraqlı hadisələr yaşanmaqdadır.
Paytaxt təmsilçisi avqust ayının 16-da Azərbaycanın U-21 millisinin, eləcə də “Səbail” və “Sabah”ın sabiq üzvü Najafi Amirhosseinlə müqavilə bağlayıb.
Sözləşmənin müddəti 1 il üçün nəzərdə tutulub və 27 yaşlı qapıçıyla münasibətlər vergi xərcləri çıxılandan sonra aylıq 1000 manat maaş əsası ilə razılaşdırılıb.
Göstərilən məbləğ rəsmi sənəddə əksini tapıb. Yekunda futbolçunun ad-soyadı Peşəkar Futbol Liqasına göndərilib, qurumdan təsdiq cavabı alınıb, “Baku Sportinq”in futbolçusu kimi A buraxılış vəsiqəsi təqdim olunub və...
Bir neçə gün əvvəl klub rəsmisi Najafiyə yaxınılaşaraq öncədən razılaşdırılan 1000 manatı verə bilməyəcəklərini, məbləği azaltmaq məcburiyyətində qaldırlarını deyib. Futbolçu təkliflə razılaşmayıb, rəsmi sənədi əsas gətirib, onsuz da az məbləğə oynadığını söyləyib.
Bu cavabdan sonra Amirhossein gözümçıxdıya salınıb. Əvvəl məşqə buraxılmayıb, ardınca avtobusa minməsinə icazə verilməyib. Əlində müqaviləsi ola-ola ona açıq formada “bizə lazım deyilsən” deyilir. Çarəsiz duruma düşən səbəbkar mövcud vəziyyətdən çıxış yolu axtarır.
Bu, I Liqaya yeni vəsiqə qazanan klubun işə və futbola yanaşma tərzidir. Mövcud təfəkkürlə daha betər halların yaşanacağı qaçılmazdır. Ümid edək ki, AFFA və PFL məlum olayla bağlı araşdırma aparıb, kluba lazım olan xəbərdarlığı edəcək.
Məsələ ilə bağlı “Baku Sportinq” rəsmilərinə tribuna verməyə hazırıq.
Aşağıdakı foto və videolarda faktlarla tanış ola bilərsiniz.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: