Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə Banqladeşdə təşkil olunan “FIFA Tri Nations Women’s Football Series 2025” turniri ilə bağlı fikirlərini bölüşüblər.
Sportinfo.az xəbər verir ki, çalışdırıcı bu turnirin dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından vacib olduğunu bildirib.
Əsgərov martda Şimali Makedoniya və Macarıstanla rəsmi qarşılaşmalara hazır olmağın önəmindən bəhs edib:
“Dəkkə səfəri dünya çempionatının seçmə mərhələsinə hazırlığımızın bir hissəsidir. Komandamızın 15-dən çox futbolçusu xarici liqalarda çıxış edir.
Burada iştirakımız təsdiqlənən andan etibarən hazırlıq işlərinə başlamışıq. Bu turnir martın 3-də Şimali Makedoniyaya qarşı keçiriləcək seçmə oyunlar öncəsi bizə çox dəyərli təcrübə qazandıracaq.
Fevralda hazırlıq üçün başqa pəncərə olmayacaq. Buna görə də Banqladeşdəki oyunlar çox vacibdir.
Burada komanda şəklində oynamaq həm kollektivliyi artırır, həm də hazırlıq səviyyəmizi qiymətləndirməyə imkan verir”.
Sevinc Cəfərzadə də turnirin millimiz üçün yaxşı təcrübə olduğunu düşünür:
“Bu, mənim və komandamız üçün böyük təcrübədir. İlk dəfə Asiya komandalarına qarşı oynayacağıq.
Turnirin uğurla keçəcəyinə və bütün yığmaların yaxşı oyun sərgiləyəcəyinə ümid edirik”.
Millimiz noyabrın 29-da Malayziya, dekabrın 2-də isə Banqladeşlə qarşılaşacaq.

