COP29

Bacarmadığınız işin qulpundan yapışıb, niyə Azərbaycanı biabır edirsiz? - 10-dan 10-a...

1 Noyabr 02:10 Problem 417
Bacarmadığınız işin qulpundan yapışıb, niyə Azərbaycanı biabır edirsiz? - 10-dan 10-a...

Uzaq 1995-ci ildə Azərbaycan futbolunun tarixinə silinməsi mümkün olmayan qara bir səhifə yazılmışdı.

Avropa çempionatının seçmə mərhələsində çıxış edən, bununla da beynəlxalq yarışlara ilk və kövrək addımlarını atan Azərbaycan millisi 1995-ci ilin sentyabrın 9-da Fransayla qarşılaşmışdı.

Oser şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 10:0 hesablı qələbəsiylə yekunlaşdığından tarixdə də "Oser faciə”si kimi qalıb.

Bu məğlubiyyətdən bir müddət sonra Gimaraynşda Portuqaliyaya 0:7 hesabıyla uduzduq, o oyundan sonra da "Gimaraynş faciəsi” lüğətimizə daxil oldu. Amma bu oyun Oserdəki məğlubiyyəti unutdurmadı. Heç unutdura da bilməzdi. Çünki qapımızdan buraxdığımız qolların sayı ikirəqəmli idi. Biz həmin o 10 qolun heç birinə cavab verə bilməmişdik. Bu yerdə onu da qeyd edim ki, fransızlar Cəbəllüttariqə ötən ilin noyabrında 14 cavabsız qol vurmaqla öz rekordlarını yenilədilər. Bir qədər də onunla təskinlik tapdıq.

"Oser faciə”si uzun müddət ictimaiyyət arasında, mətbuatda müzakirə olundu. Hiss etmək çətin deyildi ki, futbolçular və məşqçilərlə yanaşı, xalq olaraq bu məğlubiyyətdən utanırıq, xəcalət çəkirik. İş o yerə gəlib çatdı ki, məğlubiyyətə lətifə də qoşdular, "Azərbaycan millisi Fransaya qapıçı aparmayıbmış” deyimi yarandı. Məlum məsələ idi ki, həmin gün millimizin o vaxtkı çalışdırıcısı Ağasəlim Mircavadov "çərçivə”yə iki qapıçı qoysaydı da, nəticə bizim üçün dəyişməyəcəkdi. Üç il sonra Fransanın həmin heyəti dünya çempionu olmaqla səviyyəsini bir daha ortaya qoymağı bacarmışdı. Millimizi "topa tutan” fransızların heyətindəki Deşam, Zidan, Desayi, Türam soyadlarını xatırlamaq yetərlidir.

Təxminən 30 il keçib. Ötən 30 ildə Azərbaycan futbolunun inkişafı üçün milyonlar xərclənib. AFFA-dan Fuad Musayevin yola salınmasından sonra futbol daim dövlətin nəzarəti altında olub, bu nəzarət səxavətli dəstəkdə özünü göstərib. Hər il neft pullarından AFFA-nın büdcəsinə milyonlar ayrılıb, Dövlət Proqramı qəbul olunub. Neçə-neçə əcnəbi mütəxəssis Azərbaycana gəlib-gedib, neçə-neçə Azərbaycana dəxli olan-olmayan futbolçunu "milliləşdirmişik”. Amma nəticələr dəyişməyib. Yenə də ağır məğlubiyyətlərə üzülürük, milli komandalarımızın yenilgilərinin statistikasını yazırıq.

Kişilərin futbolunu normal vəziyyətə sala bilmədiyimiz bir zamanda qadın futbolu da bizim üçün yeni utanc yerinə çevrilib. Qadınlardan ibarət yığmamız 2-3 oyunda normal oynadı və millinin kapitanı mikrofonlar önündə yumruğunu silkələyə-silkələyə danışmağa başladı, hamıdan onlara hörmət göstərməyi, onlarla hesablaşmağı tələb etdi. Son bir həftə ərzində qadınlardan ibarət yığmamız Portuqaliyadan iki oyuna 9 top buraxıb.
17 yaşadək qızlardan ibarət komandamızı Avropa çempionatının seçmə mərhələsinə startı isə lap bərbad alındı. Dünən gecə serblər yığmamıza 10 cavabsız qol vurublar. Oserdəki faciə təkrarlanıb. Özü də serblər azlıqda qalsalar da, qollarına ara verməyiblər. Biçarə qızcığazları Serbiyaya aparıb, bu cür ağır psixoloji travmaya məruz qoymağa nə gərək var idi? Bacarmadığınız işin qulpundan yapışıb, niyə Azərbaycanı biabır edirsiz? Suallar çox, cavabı yox.

30 il bundan əvvəl 0:10 hesabıyla məğlub olanda nəyinsə dəyişəcəyinə, yaxşı olacağına ümidimiz var idi. İndi heç o ümid də yoxdur. Bu 0:10-la o 0:10-nun da fərqi odur.

Çox təəssüf (qaynarinfo)...

Amal Abuşov

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi