Həşəmətli AFFA-ın çox qəribə bir şakəri var.
Türkün məsəli, yapışır bir şeyin ucundan, düz 10 il onu buraxmır ki, buraxmır.
Gərək 10 il keçsin ki, AFFA ağıllansın və tutduğu şeyi buraxsın, başa düşsün ki, səhv şeydən yapışıb.
Məsələn? Məsələn, vaxt vardı ki, AFFA bütün stadionlara süni örtük çəkirdi. Mətbuat yazırdı ki, ay bala, olmaz ey, olmaz. Burax bu şeyi.
Hara buraxır, ortada biznes maraqları vardı axı. 10 il belə davam edəndən sonra AFFA rəhbərliyi çıxıb bəyan etdi ki, süni örtük dəyişdirilməlidir.
Nə bilim, zərərlidir, Avropada bundan imtina edirlər-zad.
Daha bir misal? Məsələn, yalan olmasın, 10 ildir yazırıq ki, legioner limiti rəqabəti pozur.
10 ildir deyirik ki, limit durduqca, azərbaycanlı futbolçular inkişaf etməyəcək, xaricə getməyə maraq göstərməyəcək.
10 ildir yazırıq ki, güclü milli komandanın olması üçün futbolçu “Keşlə”nin, “Sumqayıt”ın heyətində meydana çıxmamalı, xaricdə oynamlıdır.
10 ildir bağırırıq ki, legioner limiti avrokluboklarda iştirak edən komandalara heyəti komlektləşdirmək üçün mane olur. İndi başa düşüb AFFA?
Hər halda, belə görünür. Əgər AFFA-nın nəzarətində olan klublar yığışıb legioner limitini müzakirə edirlərsə, deməli, 10 ildən sonra “ağıllanıb” AFFA.
Yoxsa o klubların ağzı nədir ki, Elxan Məmmədovun icazəsi olmadan belə müzakirə aparsınlar.
Məsələn, 10 ildən yuxarıdır hayqırırıq ki, ölkədə səviyyəli məhsul-futbolçu yoxdursa, milyonlarla vəsaiti əcnəbi məşqçilərə verməyə lüzum yox. Onsuz da nəticə olmayacaq.
Deyirik ki, o vəsaiti uşaq futbolunun inkişafına, infrastrukturun qurulmasına yönəldin. Deyirik ki, əvvəlcə məhsul yetişdirin, sonra xaricdən məşqçi gətirin. Ümid var ki, bunu da qanacaq AFFA.
AFFA-nın hər 10 ildən bir “ağıllanmasına” sevinmək lazımdır? Əlbəttə. Bu günümüzə şükür, ağıllanmasa, türkün məsəli, yapışdığı şeyi buraxmasa, nə olar?
Natiq Muxtarlı

