
Hər ilin yanvarında Premyer Liqa klubları Antalyaya axın edib, çempionatın ikinci yarısına kurort bölgəsində hazırlaşır.
Klubların Türkiyəyə gedişi AFFA-nı da özünə əl qatmağa vadar edirdi.
Öncəki illərdə məhz assosiasiyanın xətti ilə hakimlər, millilərin məşqçiləri, Məşqçilər Komitəsinin üzvləri, “CBC Sport”un əməkdaşları da Antalyanın havasını udmaq imkanı qazanırdı.
Görünür, bu dəfəki vəziyyət bir qədər fərqlidir.
Ötən ilin bu ayında koronavirus pandemiyasına görə əlini cibinə salmayan AFFA-nın başbilənləri bu dəfə də xərcə düşmək niyyətində deyil.
Daha doğrusu, Antalya ideyası var, amma “pul krant”ını açan yoxdur.
Əsas millinin və U-21-in çalışdırıcıları Canni de Byazi ilə Milan Obradoviç ötən aydan vətənində dincəlir.
Hər ikisi Bakıya gələn həftənin əvvəli qayıdacaq. Onların Antalyaya gedib-getməyəcəyinə özləri ilə söhbətdə aydınlıq gələcək.
Məşqçilər Komitəsindən kim(lər)in Türkiyəyə üz tutacağı bilinmir. 60 yaşı aşmış mütəxəssislər koronavirusa görə xüsusi risk qrupuna aiddir ki., həm özləri, həm də AFFA-dakı əsas söz sahibləri məlum səfərdən çəkinir.
Hansısa birinin vətəndən kənarda virusa yoluxmasının sonluğu xoş olmaya bilər. Hazırda qurumun divarları arasında bu məsələ müzakirə olunur.
Komandaların yoldaşlıq görüşlərinin canlı yayımını həyata keçirən Peşəkar Futbol Liqasının işçi qrupunun Antalya xərcinin bir qismini AFFA qarşılayır.
Lakin bu günə qədər ölkə çempionatının təşkilinə cavabdehlik daşıyan quruma assosiasiyadan hansısa mesaj gəlməyib. Maliyyə ayrılmalıdır, onu gözləyirlər.
Eyni sözlər “CBC Sport”a da aiddir. AFFA-nın “övladı” Antalya ilə bağlı plan qursa da, hələ ki, gözlər yolda qalıb. Bakı Olimpiya Stadionunda əyləşən həmkarlarımız Nobel prospektindən gələcək zəng, ya da mesajı gözləyir.
Qısası, AFFA-nın maliyyəsi ilə bağlı bütün məsələlərdə durğunluq yaşanır.
Ağıllara iki variant gəlir. Ya ölkə başçısı İlham Əliyevin “Qarabağ”la görüşdə səsləndirdiyi fikirlərdən sonra kimlərinsə canına qorxu düşüb, ya da AFFA-dan da yuxarı yerlərdən xərclərin azalmasına dair göstəriş gəlib. Koronavirusun yaratdığı təlaş da az ehtimal olunan səbəb sayıla bilər.
HƏBİB