Vaxtilə ölkəmizdə legioner həyatı yaşamış Yakuba Bamba “Sportinfo”ya müsahibəsində “Xəzər Lənkəran”la bağlı şok fikirlər səsləndirmişdi.
Yekəpər hücumçu vaxtilə Lənkəran təmsilçisinin heyətində ümidləri doğrultmamasının səbəbi kimi komandada qurulmuş mafiyanı əsas gətirmişdi.
Sitat:
“Xəzər Lənkəran” mənə kənardan yaxşı görünürdü. Tək mənə yox, hamıya. Getdim gördüm futbol komandası deyil, mafiyadır. Özüm də bilmirəm nə mafiyasıydı.
Komandanın içində qruplaşma var idi, braziliyalı futbolçular digərlərindən pul yığırdı. Nə bilim, qəribə hadisələr yaşanırdı içəridə.
Rəhbərlikdə təmsil olunanlar isə öz işindəydi. İnanırsan, özümə də, futbola da nifrət edirdim orda. Ona görə də oyunum alınmadı. Müqavilənin müddətinin başa çatmasını gözləyirdim ki, çıxıb gedim.
Baş məşqçi Ağasəlim Mircavadovluq bir şey yox idi. O, əla kişi idi, məni çox istəyirdi, güvənirdi. Bunu rəhbərlik görməli, ölçü götürməliydi.
Onlara isə, futbol lazım deyildi. Kimin transferindən yaxşı pul qazanırdılar, ona daha çox şans verirdilər. Çox şeylər var idi, çox şeylər”.
Bambanın söylədikləri sıradan olay deyil. Söhbət vaxtilə milyonlar hesabına ölkə futbolunda ad çıxaran, çempion olub, ölkə kubokunu və superkuboku qazanan,
Azərbaycanı Avropada təmsil edən klubdan gedirsə, deyilənlərin üstündən heç nə olmamış kimi keçə bilməzdik.
Sabiq futbolçunun dediklərini Ağasəlim Mircavadovun diqqətinə çatdıranda, təcrübəli mütəxəssis bir müddət susdu. Ardınca bunları dedi:
“Yakuba Bamba yaxşı yadımdadır. “Xəzər Lənkəran”da rəhbərliyim altında oynayıb və etiraf edim ki, bəyəndiyim futbolçulardan idi.
Məndən olsaydı, komandadan ayrılmasını istəməzdim. Amma özü qalmaq istəmədi, getdi.
O ki qaldı dediklərinə, bilmirəm kimi və nəyi nəzərdə tutub. Bu şeyləri ilk dəfə səndən eşidirəm. Mənim vaxtımda komandada artıq söhbət ola bilməzdi.
Əla kollektivimiz var idi onda. Yenə deyirəm, mən olan yerdə mafiya qurulması mümkün deyildi. .
Ola bilsin, kimsə ona nəsə deyib, o da səhv başa düşüb. Ya da, başqa nəsə. Ümumiyyətlə, bu cür şeylər danışmaq artıqdır”.
Yakuba 2007-08 mövsümündə “Xəzər Lənkəran”ın formasını geyinib ki, həmin il komandada dörd braziliyalı olub. Bunlar Mario Souza, Juninyo, Dieqo Souza və Denis Silva idi.
HƏBİB / SPORTİNFO.AZ