“Kəskin xəstəlikləri olanlar xaric, hamı peyvəndlənməlidir, əks təqdirdə...”

21 Aprel 2021 14:50 Problem 382
“Kəskin xəstəlikləri olanlar xaric, hamı peyvəndlənməlidir, əks təqdirdə...”

Koronavirusa qarşı vaksinasiyanın tətbiq olunduğu dönəmdə virusa yoluxma sayında da artımlar müşahidə olunur.

Azərbaycanda da COVBİD-19-a yoluxma statistikası açıqlanıb. Ən yüksək yoluxma Bakı şəhərinin payına düşür- 54,2 %.

Yoluxma göstəricisi Abşeronda 12,8 %, Zaqatalada 4 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,4 %, Yuxarı Qarabağda 1,3 %, Naxçıvan Muxtar Respublikasında 0,4 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,3 % təşkil edir.

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub. Belə ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb. Bu rəqəm Binəqədidə 14,8 % təşkil edir. Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,4 %-lə Yasamal, 10,9 %-lə Sabunçu, 8,3 %-lə Nərimanov, 8,1 %-lə Suraxanı, 8 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,6 %-lə Qaradağ,0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Bu arada Azərbaycanda koronavirus infeksiyasına qarşı 1 milyon 474 607 nəfər peyvəndlənmə prosesində iştirak edib. Türkiyə isə Rusiyanın “Sputnik V” peyvəndi istehsalını təsdiqləyib. Qardaş ölkədə peyvənd istehsalı mərhələsində bəzi sınaqlar aparılıb və bu proseslə əlaqəli şirkət sorğusuna əsasən təsdiq alıb.

Son günlər yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Məktəblər bağlanıb, küçədə maskasız gəzmək qadağandır. Üstəlik, vaksinasiya da aparılır. Bunların yoluxma sayının azalmasına heç bir təsiri yoxdurmu? Sərt karantin rejimi mütləq tətbiq edilməlidirmi? Hansı səbəbdən Bakı yenidən yoluxma sayına görə öndədir? Vaksinasiyanın zəif aparılması kimi iddialar da var...

5ea83f51-dbc4-4484-be80-580f1b0b9843.jpg (9 KB)

Bu və digər suallarla bağlı “Yeni Müsavat”a həkim-infeksionist İlhamə Abbasova danışıb: “Toplum harada varsa, orada yoluxma var. İctimai nəqliyyatda da sıxlıq olur.

Ölüm saylarının çoxalmasının digər səbəbi də xəstələrin evdə, özbaşına müalicə olunması ilə bağlıdır. Xəstəxanaya getmək istəmirlər, panikaya düşürlər ki, xəstəxanaya getsəm öləcəm. Son anda xəstəxanaya müraciət edirlər, onda da ölümcül halda gəlirlər. Ölüm saylarının artmasına səbəb də budur. Qeyri-ixtisas həkimlərinə müraciət edirlər, buna görə də ölüm sayları artacaq. Həkimə vaxtında müraciət etmək lazımdır, düzgün seçim etmək lazımdır. Bunların hamısı bir şərtdir. COVİD testi pozitiv çıxıbsa, “öləcəm” deyə bir anlayış yoxdur. COVİD pozitiv olub heç bir simptomu olmayan şəxslər də, simptomu olan şəxslər də müalicə almalıdırlar. Bizdə amma bunların hamısı bir-birinə qarışıb".

İnfeksionist yoluxma sayının artmasına təsir edən digər amili də nəzərə çatdırıb: “Hamı parça maska taxır. Parça maska virusdan qorumur. Tibbi maska da 2 saatdan bir dəyişilməlidir. Heç kim buna əməl etmir. Maskalar çənələrdədir”.

Bununla belə, həkim sərt karantin rejiminin tətbiqini düzgün saymır: “Sərt karantin rejimini tətbiq etmək olmur. İnsanlar işsiz qalır. Günlük əmək haqqı üçün işləyənlər var. Onları nəzərə almaq lazımdır. Burada çıxış yolu əhalinin 90 faizinin vaksin olunmasıdır. Hamı yoluxmalıdır, bu bəladan uzaq durmalıdır. Düzdür, birinci dəfə yoluxanlar arasında ikinci dəfə yoluxanlar da var. Amma bu, kütləvi hal daşımır. Məsələn, 100 yüz nəfərdən 10-da bu baş verir".

İ.Abbasova vaksinasiyanın zəif aparılmasına da münasibət bildirib: “Buna səbəb təbliğatın az olması ilə bağlıdır. Gəlir deyirlər ki, ”allergiyam var", axı allergiyanın buna nə dəxli var. Təbliğat düzgün getməlidir. Vaksinin heç bir əks göstərişi yoxdur. İstisna hallarda şəxsin kəskin xəstəliyi varsa, hazırda kəskin xəstədirsə olmaz. Yoxsa gəlib deyir ki, 2008-də onkoloji əməliyyat keçirmişəm. Digəri deyir “astmam” var. Hazırda kimya alan, hazırda onkoloji xəstəliyi olan, ürəyindən əməliyyat olunanlar, yəni indi bu kimi kəskin xəstəlikləri olanlar istisna olmaqla, digərlərinə mütləq şəkildə vurulmalıdır".

İnfeksionist-hepatoloq Mərdan Əliyev də mövzu ilə bağlı fikirlərini bildirib: “Yoluxma sayı iki mindən bir az artıqdır. Sağalanların sayı da iki minə yaxınlaşır. Düşünürəm ki, əgər bu templə davam eləsə, yoluxma sayı iki mindən aşağı düşsə, vəziyyətin bir qədər yaxşı olduğunu deyə bilərik. Artıq aktiv xəstə sayı azalacaq. Amma iki mindən yuxarı olsa, aktiv xəstə sayı təqribən indiki vəziyyətdə qalacaq. Ona görə də sərt karantin rejiminə gedilməyəcək. Sərt karantin rejiminə gedilməməsinə bir səbəb də xəstəxanalarda hələ ki yerlərin olmasıdır. Eyni zamanda vaksinasiya prosesi də davam etdirilir. Havalar da istiləşir. Bunların da təsiri var".

İnfeksionist vaksinasiyanın zəif aparılması məsələsinə də aydınlıq gətirib: “Arada bir müddət yubanma oldu. Ölkəyə vaksinin çatdırılmasında yubanmalar oldu. Bir də təbii ki, bu işə daha çox tibb işçisi cəlb olunmalıdır. Bütün tibb işçilərini də buna cəlb etmək olmaz, çünki xəstələrin bir çox müraciətləri olur, yalnız virusla bağlı deyil. Yəni bütün həkimlər cəlb olunsa, tibbi xidmətin keyfiyyəti aşağı düşə bilər. O ki qaldı xəstələrin müraciətinə, gələnlər çoxdur. İdarələr tərəfindən göndərilir, maarifləndirmə var".

Digər Xəbərlər
Xəbər Lenti