Azərbaycan Premyer Liqasında iki mövsüm birləşdirilir?

24 Mart 2020 20:40 Premyerliqa 1 014
Azərbaycan Premyer Liqasında iki mövsüm birləşdirilir?

FİFA və UEFA koronavirus pandemiyası üzündən dayandırılan milli liqalar və qitə miqyaslı turnirləri xilas etmək üçün müxtəlif variantları götür-qoy edir.

Sportinfo.az xəbər verir ki, bunlardan biri sona çatdırılması da sual altında olan 2019/20 mövsümünün növbəti ilə birləşməsidir.

Söhbət 2019/20 və 2020/21 mövsümlərini 2019/21 ilə əvəzolunmasından gedir. Hər iki qurum üçün cari mövsümün sona çatdırılması daha prioritetdir.

Lakin bu istək alınmasa, mövsümlərin birləşdirilməsi xilas yolu olacaq. UEFA-ya üzv olan 55 ölkənin liqalarından 54-də yarış dayandırılıb. Yeganə istisna Belarus çempionatıdır.

Azərbaycanda da idman oyunları və məşqlər təxirə salınıb. Bu isə o deməkdir ki, Premyer Liqanın qarşıdakı 8 turu, eləcə də ölkə kubokunun yarımfinal və final qarşılaşmalarının vaxtı dəyişdirilməli, yeni təqvim tərtib olunmalıdır.

“Neftçi”, “Keşlə”, “Səbail” və “Sabah” yalnız bir cəbhədə - Premyer Liqada mübarizə aparır deyə, bu komandaların 8 oyunu qalıb. Kubok uğrunda yarışan, yarımfinala adlayan “Qarabağ”, “Sumqayıt”, “Zirə” və “Qəbələ” isə istənilən halda 10 oyuna çıxmalıdı. Bunlardan ikisi üçün matç sayı 11 olacaq.

İndiki durumda əsas yük çempionatın keçirilməsinə və təşkilinə cavabdehlik daşıyan PFL-in üzərinə düşəcək. Hələ ki biraylıq fasilə elan olub. Yəni aprelin ortalarına qədər futbola həsrət qalacağımız dəqiqdi.

Həmin tarixə qədər koronavirus geniş vüsət almasa, yeni qərarlar qəbul olunmasa, PFL yeni təqvim tərtib etməlidir ki, UEFA-dakı müzakirələrin yekun nəticəsi kimi ölkədaxili yarışlar iyunun 30-na kimi başa çatmalıdır.

Qurumun rəsmi saytı hazırkı durum və gələcək planlarla bağlı son olaraq bu məlumatı yayıb: “Dünyada geniş yayılmış koronavirus pandemiyasına görə, demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub. Bu pandemiyanın Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdi. Bununla bağlı Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq birinci divizionun və Premyer Liqanın 14 aprel tarixinə qədər bərpa olunmayacağını açıqlayırıq. Aprelin 14-də tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq. UEFA keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix premyer-liqa və birinci divizionun bərpası və başa çatdırılması üçün uyğundur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"