COP29

“O hərəkəti mən etsəydim...” - Azərbaycanlı məşqçilərdən SƏRT REAKSİYA

21 Noyabr 2023 21:20 Premyerliqa 1 498
“O hərəkəti mən etsəydim...” - Azərbaycanlı məşqçilərdən SƏRT REAKSİYA

Canni de Byazinin Belçika - Azərbaycan qarşılaşmasından sonra etdiyi tərbiyəsizlik yekun nəticəni unutdurmağa hesablanmışdı, ya yox, özündən yaxşı bilən olmaz.

Rəhbərlik etdiyi yığma komandanın meydanı 0:5 hesablı darmadağınla tərk etməsindən sonra azərbaycanlı jurnalistlərin suallarına qəzəblənən italyan çalışdırıcı həmkarlarımızı axmaq adlandırmaqla yanaşı konfrans zalını yarımçıq tərk etdi.

Avropanın mərkəzində, digər ölkələrdən olan jurnalistlərin gözləri qarşısında media mənsublarına edilən hörmətsizliyin cavabını ya özü, ya da ona havadarlıq edənlər verəcək. Bu, öz yerində.

Məsələ o dərəcədə ciddidir ki, hətta futbolla yaxından maraqlanmayan insanlar belə məlum mövzunu müzakirə edir, de Byazinin tərbiyəsizliyindən danışır.

Həssas məqamda Premyer Liqamızda çalışan, qanı qanımızdan, canı canımızdan olan yerli məşqçilərə tribunaya verməyi qərara aldıq.

Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi:

“Komanda uduzanda adam emosiya içində olur. Ağır məğlubiyyətdən sonra jurnalistlərin sualları onu özündən çıxarıb. Həm də İsveç üzərindəki qələbədən sonra da təzyiq altında olması hiss olunurdu. İnanıram ki, indi dediyi sözlərin, etdiyi hərəkətin peşmanlığını çəkir. O hərəkəti mən etsəydim, uzun müddət peşmanlığını çəkərdim.

Amma bu peşmanlıq yaşından və təcrübəsindən asılı olmayaraq heç kimə bu cür davranmağa əsas vermir. De Byazi olmasın, lap mən özüm olum. Üstəlik, bu hərəkəti Belçikada yad adamların qarşısında azərbaycanlı jurnalistlərə qarşı edib. Bu hərəkətin bəraəti yoxdur.

Oxudum ki, AFFA-nın baş katibi Sərxan Hacıyev həmin olaya görə jurnalistlərdən üzr istəyib. Özünə üzr istətsəydilər, daha məntiqli olardı”.

Ayxan Abbasov, “Turan Tovuz”un baş məşqçisi:

“Canni de Byazinin əməlini pisləyirəm. Jurnalistlərə qarşı o cür davranış yaxşı hal deyil. Belçikada beynəlxalq oyundan sonrakı mətbuat konfransında millinin baş məşqçisinin media ilə bu cür münasibətinə ad tapa bilmirəm.

Baş məşqçi olaraq ağır məğlubiyyətdən sonrakı gərginliyi başa düşürəm. Məşqçiyiksə, buna hazır olmalıyıq. Çünki işimiz bunu bizdən tələb edir.

Bu, onun ilk belə davranışı deyil. Xatırlayıram, canlı yayımdakı çıxışı zamanı da ona sual verən jurnalistə qarşı hörmətsizlik etmişdi. Futbolumuzu inkişaf etdirmək istəyiriksə, bunlar önəmli faktordur. Kiminsə bizi təhqir etməsinə imkan vermərik. Hər şeydən əvvəl azərbaycanlıyıq və bizi təhqir etmək yolverilməzdir”.

Azər Bağırov, “Araz-Naxçıvan”ın baş məşqçisi:

“Baş məşqçinin üzərinə düşən vəzifə borclarından biri jurnalistlərin suallarını səbr və təmkinlə cavab verməkdir. Burada söhbət millinin baş məşqçisindən gedirsə, ikiqat məsuliyyət tələb olunur.

Canni de Byazi Brüsseldəki jurnalistlərin suallarına cavab verməliydi. Həm vəzifə borcudur, həm də oyunu işıqlandıran, futbolun inkişafını təbliğ edən medianın borcunu qismən qaytarmış olardı. Medianın dəstəyi olmadan nəinki futbol, heç bir idman növü inkişaf edə bilməz. Hər bir halda de Byazinin məlum davranışını xoş hal saymıram”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"