Qəbələdə bizi gözləyən mərkəzi oyun üçün tərəflərin SON DURUMU

4 Mart 2023 19:00 Premyerliqa 386
Qəbələdə bizi gözləyən mərkəzi oyun üçün tərəflərin SON DURUMU

Premyer Liqanın 25-ci turunun mərkəzi oyunu Qəbələdə keçiriləcək.

Burada "Qəbələ" "Qarabağ"ı qonaq edəcək. Meydan sahiblərinə qələbə hava-su kimi vacibdir.

Ən yaxın rəqib "Zirə" "Şamax"ı ilə oyunda xal itirib.

Növbəti 3 xal paytaxt klubuna 1 xallıq məsafəyə qədər yaxınlaşdıracaq.

Amma həmin 3 xalı qazanmaq elə də asan görünmür.

Əvvəla heyətdə ciddi itki var. İsnik Alimi və Feras Abu Bakalın cəzasını başa vurması baş məşqçini sevindirməsi fonunda Ruan Renatonun sarı vərəqə limitini doldurması qayğılandırmaya bilməz. Braziliyalı müdafiənin dirəyi hesab olunur.

Məncə, onun yoxluğundan daha təhlükəli xəbər qonaqların matça ideal heyətlə çıxacağıdır.

Gent səfərindən yorğun qayıdan ağdamlılar ötən tur "Neftçi" önünə rotasiyalarla çıxmışdı. Qurban Qurbanov eyni vaxtda 7 oyunçuya istirahət vermişdi. Yalnız ikinci yarı bəzilərinin xidmətinə ehtiyac duymuşdu.

Məncə, bu dəfə hər hansı eksperimentdən söhbət gedə bilməz. Avrokuboklardan və ölkə kubokundan kənarda qalan komandanın tək mübarizə meydanı Premyer Liqadır.

Düzdür, liderlik mövqeyi təhlükəsizdir. Ən yaxın izləyici "Sabah"la 9 xallıq fərq var. Amma futbolçuların formada qalması üçün oynamaları mütləqdir.

O baxımdan Qəbələdə Marko Veşoviç, Abdullah Zubir, Ramil Şeydayev, Julio Romao kimi adların ilk dəqiqələrdən meydanda olacağın gözləmək olar.

Bu məqam meydan sahiblərini sevindirməsə də izləyicilər üçün xoş xəbər sayıla bilər.

Çünki açıq futbolu sevən tərəflərin dueli hər zaman diqqət çəkən olub.

Bu mövsüm Premyer Liqada rəqibinə iki dəfə eyni hesabla məğlub olan (0:1) "qırmızı qaralar" bunun əvəzini ölkə kubokunda ağdamlılara şok yaşatmaqla çıxa bilib.

Belə ki, 1/4 finalda üz-üzə gələn tərəflərin duellərində sonda gülən Elmar Baxşıyevin yetirmələri olub (2:2, 1:0).

Ümid edək ki, növbəti yadda qalan 90 dəqiqə bu dəfə Qəbələ dağlarının ətəyində tarixə həkk olacaq.

XANOĞLAN IMANOV

Xəbər Lenti