“Neftçi” yenə eyni səhvi etməsə...” – DERBİ XƏBƏRDARLIĞI

5 Fevral 2022 20:40 Premyerliqa 1 316
“Neftçi” yenə eyni səhvi etməsə...” – DERBİ XƏBƏRDARLIĞI

Azərbaycan futbolu növbəti həftəsinə derbi ilə başlayacaq.

Son çempion "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Liderdən 11 xal geridə qalan "ağ-qaralar"a 3 xal hava-su kimi lazımdır. Samir Abasovun yetirmələri bunu bacara biləcəkmi?

Futbol mütəxəssisi Aslan Kərimov Sportinfo.az-a açıqlamasında sualımızı belə cavabladı: "Neftçi" - "Qarabağ" görüşünün necə olacağını demək bir az çətindir.

Kubok oyunlarına baxıb hər hansı nəticəyə gəlmək doğru olmazdı. Fərqli-fərqli yarışlardı. Komandaların qış fasiləsindəki hazırlıq səviyyəsi həlledici olacaq.

Gördüyümüz oyunlardan gəldiyimiz qənaət odur ki, hər ikisi də 100% hazır deyil. İlk oyunlarda özlərinə xas olmayan top itkiləri çox oldu.

Bu da formalarının pikinə gəlmədiklərini göstərir. Sözsüz ki, buna bəlli bir oyun sayı lazımdır".

"Qarabağ"ın sabiq futbolçusu matçdan heç-heçə qoxusu gəldiyini deyib. O, qonaqların ehtiyatlı oynaması fonunda "Neftçi"nin hücum etməyə məcbur olduğunu bildirib:

"Amma nəsə hesab edirəm ki, bu qarşılaşmanın nəticəsi 0-0 və ya 1-1-ə oxşayır. "Qarabağ" "Marsel"lə oyunöncəsi sırasında zədəli görmək istəməz.

Ona görə də bir qədər ehtiyatlı oyuna çalışacaqlar. "Neftçi" isə daha öndə oynamaq məcburiyyətindədir.

Həm ev oyunu olması, həm də turnir cədvəlindəki son vəziyyət baxımından açıq futbol oynamağa məhkumdular. Əgər belədə arxada səhvlərə yol verilsə, bu çox ağır nəticəyə yol aça bilər.

"Qarabağ"la oyunlarda "Neftçi" müdafiəsinin kobud səhvlərə yol verdiyini görmüşük. O səhvlərdən də qollar buraxıblar.

Əslində, diqqət etsək, "Neftçi" "Qarabağ"a böyük hesabla (4:0) uduzduğu son qarşılaşmaya da pis başlamamışdı, amma müdafiədəki kobud səhvdən sonra oyun əldən çıxmışdı.

Eyni səhvi etməsələr, sonda müsbət nəticə qazana bilərlər. Komandaların hazır olmadığını nəzərə alsaq səhvlərin olacağı da qaçılmazdır.

Kim səhvi erkən etsə, qolu birinci buraxsa matçı geri qaytarması çətin olacaq. Məncə, görüşün heç-heçə bitmə faizi çox yüksəkdir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda