“Neftçi”nin üstünlüyü, bağlana biləcək kitab, gözlənilən ajiotaj...

5 Fevral 2022 20:00 Premyerliqa 1 225
“Neftçi”nin üstünlüyü, bağlana biləcək kitab, gözlənilən ajiotaj...

Ölkə futbolsevərləri səbirsizliklə fevralın 7-ni gözləyir.

Bazar ertəsi saat 19:00-dan etibarən “Bakcell Arena”da Azərbaycan futbolunun mərkəzi və ən prinsipial qarşılaşması baş tutacaq.

Qış fasiləsindən sonrakı kubok görüşlərində o qədər də parlaq görünməyən əzəli rəqiblərin bu dəfə nə ilə diqqət çəkəcəyini 90 dəqiqənin gedişatı göstərəcək.

İndiki məqamda maraqlı olan oyundan əvvəlki görüntülərdir.

Samir Abasov bu dəfə nə danışacaq?
“Neftçi”ylə “Qarabağ” cari mövsümdə artıq iki dəfə üzləşməyə imkan tapıb. İlk duel 3-cü tura, başqa cür desək, sentyabrın 12-nə təsadüf etmişdi.

İbrahima Vadjinin ağdamlıların heyətindəki debüt matçında etdiyi dublun qarşılığında Emin Mahmudov 47-ci dəqiqədə rəqib qapısından keçirdiyi top təsəllidən başqa heç nəyə yaramamışdı.

Növbəti oyun oktyabrın 30-da keçirilmişdi. Bu dəfə “Qarabağ”ın meydanında – “Azərsun Arena”da. “Köhlən atlar” rəqibini meydana çıxmağa peşman etmiş, son çempionun qapısından 4 cavabsız top keçirmişdi.

Həmin görüşdən sonrakı mətbuat konfransında Samir Abasovun “milliləşdirilmiş” legionerlərlə bağlı “Qarabağ”ın “bostanına atdığı daş” və öz komandasındakı yerlilərə atmacası gündəm olmuşdu. Görək, Abasov bu dəfə nə danışacaq.

“Neftçi” uduzsa, “kitabı bağlanacaq”
“Ağ-qaralar”ın çempionatın ilk yarısında büdrəməsi və əsas rəqibinə iki dəfə uduzması turnir cədvəlində arzuolunmaz durumun yaranmasına səbəb olub.

Hazırda “Neftçi”ni lider “Qarabağ”dan nə az, nə çox, düz 11 xal ayırır.

Bu o deməkdir ki, bakılıların ağdamlılara növbəti yenilgisi növbəti çempionluq arzusunun “suya düşməsinə” səbəb olacaq.

“Neftçi” fevralın 7-də meydanı məğlub tərk etsə, liderlə xal fərqi 14-ə yüksələcək, üstəlik, “Qəbələ” ilə “Zirə” uzaqlaşmak imkanı yaxalayacaq. Yox, 3 xala “ağ-qaralar” sevinsə, bax, onda çempionata ayrı bir dad gələcək.

Bakılıların yeniləri üçün ciddi sınaq
“Sabah”la kubok görüşü “Neftçi”nin yeniləri üçün debüt idi deyə, həyəcan hissi anlaşılandır. Lakin bu dəfə nə həyəcan olacaq, nə başqa bir şey. Eddi İsrafilov, Azər Salahlı, Azər Əliyev, İvan Brkiç, Gilyerme Pato kimi futbolçular əzəli rəqibə qarşı oynayacağının fərqindədir.

Məhz belə dueldə onların “Neftçi”yə nə dərəcədə yararlı olacaqları üzə çıxacaq. Çünki onların komandaya cəlb olunmasında əsas məqsəd ötən ilki əzmi və iddianı qaytarmaqdır.

Bakılıların əsas heyətinin yarısının yenilənməsinin və yenilənmiş komandanın “Qarabağ”a qarşı necə görünəcəyi azarkeşlərdə maraq doğurmaya bilməz.

“Neftçi”yə üstünlük verə biləcək fakt
İndiki məqamda “köhlən atlar” bütün komponentlərdə rəqibini üstələyir. Oturuşmuş heyət, təcrübə, psixoloji hazırlıq, turnir cədvəlindəki durumun yaratdığı rahatlıq – qısas, hamısı “Qarabağ”ın xeyrinədir.

Qurban Qurbanovun yetirmələrinin işini çətinləşdirə biləcək yeganə məqam bu komandanın “Neftçi”ylə oyundan 10 gün sonra səfərdə “Marsel”in önünə çıxmasıdır. Üstəlik, bu iki qarşılaşmanın arasında “Keşlə”ylə kubok görüşü də var.

“Köhlən atlar”ın zədədən və ciddi itkilərdən yayınmaq üçün nisbətən ehtiyatlı davranması “Neftçi”nin əl-qolunu aça bilər. Hər halda ehtimalımız belədir.

Azı 5 min azarkeş...
“Neftçi” – “Qarabağ” duelləri deyəndə ağıllarda təkcə meydanda sərgilənən oyun yox, həm də tribunalardakı görüntülər və matç günü görməyə alışdığımız ajiotaj gəlir.

Düzdür, bu dəfəki vəziyyət bir az qəlizdir. Oyun bazar ertəsi, yəni iş günü saat 19:00-da başlayacaq ki, hər kəsin stadiona gəlməsini nisbətən çətinləşdirəcək.

Lakin yenə də inanır və ümid edirik ki, həftənin ilk günü azı 5 min futbol “dəlisi” “Bakcell Arena”nın yolunu tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti