AFFA bu klubu Qurbanov qardaşlarına görə Premyer Liqaya gətirmək istəmir

4 Fevral 2022 13:00 Premyerliqa 2 747
AFFA bu klubu Qurbanov qardaşlarına görə Premyer Liqaya gətirmək istəmir

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq.

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlayıb.

Qurum rəsmisi bildirib ki, dəyişiklik 2022/23 mövsümündən tətbiq olunacaq: “Növbəti mövsüm Premyer Liqada 10 komanda iştirak edəcək”.

”Ölü” 6 mövsüm sonra ”dirildi”
2016/17 mövsümündən 8 komanda ilə keçirilən Premyer Liqa ardıcıl 6 mövsümdür eyni formatla təşkil olunur. 3-4 ildir Premyer Liqada iştirakçı sayını 8-dən 10-a qaldırılması gündəmdə olsa da, bunu reallaşdırmaq alınmır. Məmmədov fors-major durum ortaya çıxmasa, 2022-23 mövsümündə Premyer Liqaya iki yeni klubun qəbul olunacağını və yarışın 10 komandanın iştirakı ilə təşkili barədə qərar qəbul edildiyini bildirib.

"Onlardan minimum ikisini qəbul edəcəyik"
Milli assosiasiya rəsmisinin sözlərinə görə, Premyer Liqada komanda sayının artırılması barədə İcraiyyə Komitəsinin iki il əvvəl qəbul etdiyi qərarın tətbiqinə bu ildən başlayacaq: "Çempionatda hansı komandaların çıxış edəcəyini demək çətindir. Çünki bu, AFFA-nın Lisenziyalaşdırma Qrupunun işidir. İnanıram ki, 3-4 namizəd olacaq və onlardan minimum ikisini qəbul edəcəyik".

5 namizəddən hansı biri?
E.Məmmədov nə deyir desin, turnir cədvəli və lisenziyalaşdırma tələbləri AFFA-nı maraqlandırmır. Hansı komandaların Premyer Liqaya qatılması meydança ölçüləri daxilində tənzimlənməyəcək. Qərar «şüşəbənd»in divarları arxasında veriləcək. Hazırda I Divizionda 13 komanda mübarizə aparır. Onlardan 8-i Premyer Liqanın əvəzedici heyətidir. Yerdə qalan 5 iştirakçıdan yalnız 2-si – «Qaradağ Lökbatan» və MOİK müstəqil status daşıyır. «Turan Tovuz», «Kəpəz» və «Zaqatala» birbaşa AFFA-nın maliyyəsi ilə dolanır.

AFFA onlardan qorxur
Şərait baxımından götürsək, «Zaqatala» Premyer Liqaya daha yaxındır. «Simurq»dan bu kluba çox şey qalıb. Baza, stadion – bir sözlə, infrastruktur adına hər şey. «Simurq» 2015-ci ildə fəaliyyətini dayandırsa da, fundament qalıb. Şəhərin özü də futbolla nəfəs alır. Ən populyar idman növünün Zaqatalada daha da inkişaf etdirilməsi üçün potensial böyükdür. Sadəcə, Qurbanovlar amili var, hansı ki, AFFA məhz bu soyada görə «Zaqatala»ya ögey münasibət bəsləyir. Klubun prezidenti Musa Qurbanov «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşıdır. Doğrudur, M.Qurbanov bura AFFA-nın istəyi ilə təyinat alıb və o, bir neçə dəfə istefa vermək fikrində olsa da, razılıq ala bilməyib. Federasiya ona sevgisindən istəyini geri çevirməyib. Başa düşürlər ki, M.Qurbanov ayrılsa, «Zaqatala» əlavə dəstəkdən məhrum olacaq. Qurbanov qardaşları kluba qeyri-rəsmi formada öz maliyyələrini xərcləyir, onlar da getsə, kimdir bunu edən? AFFA bu gerçəyi bildiyi halda, yenə də maraqlı deyil ki, Zaqatala şəhəri Premyer Liqada təmsil olunsun. Federasiya iki qardaşın nəzarətindəki komandaların elitada yer almasından qorxur. Onlara görə, «Qarabağ»la «Zaqatala»nın yüksək liqada yer alması Qurbanovların futbolda təsir imkanlarını bir qədər də genişləndirəcək, güc nisbətini dəyişəcək. Vaxtilə millidə Q.Qurbanovun ayağının altını qazanlar, ona «torba» tikənlər hələ də AFFA-nın idarəçiliyində təmsil olunur. Bu insanlar görəvi tərk etməyənə kimi «Zaqatala»nın Premyer Liqada çıxışı möcüzəyə bərabərdir.

"Qaradağ"ın problemi - Sadıq Sadıqov
«Qaradağ Lökbatan» «Neftçi» İdman Klubunun balansındadır. Qaradağ rayonunu təmsil edən komandaya «Neftçi» İK-in İdarə Aparatının sədri Sadıq Sadıqovun birbaşa nəzarətindədir. O, Rövnəq Abdulayevin yaxın qohumu və etibarlı kadrıdır, fəqət, AFFA rəhbərliyində yer alan digər önəmli isimlərlə soyuq münasibətdədir. 2010-2015-ci illərdə «Neftçi»PFK-nin prezidenti vəzifəsini icra etmiş S.Sadıqovun yenidən futbola qayıtmasını onlar istəmir.

MOİK – əsgər futbolçuların şadlıq sarayı
Qaldı «Turan Tovuz», «Kəpəz» və MOİK. Sonuncular Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. 10 ilə yaxındır J Divizionda məskunlaşan MOİK-ə AFFA-nın yanaşması dəyişkəndir. Əvvəl daha soyuq idi, indi nisbətən yumşaq. Federasiya Binə stadionunu ordu təmsilçisinin ixtiyarına verib, yeri gələndə, bəzi təşkilati işlərdə də köməkliklər ediblər. Əlbəttə, birtərəfli məhəbbət olmur. MOİK həqiqi hərbi xidmətə çağırılan gənc futbolçuların yeganə «dayanacağ»ıdır. MOİK-ə düşməyən oyunçular əyninə batinka geyinib, hanısa hərbi kazarmada addımlamalıdır. Yeniyetmələrdən və gənclərdən ibarət millilərə çağırılan futbolçuların əksər hallarda əsgərlik problemi ilə üzləşməsi AFFA-nı az narahat etmir. Bununla bağlı quruma çoxsaylı müraciətlər daxil olur. Çünki bu, həmin oyunçuların müqavilə ilə məxsus olduğu klubların təkbaşına həll edə biləcəyi məsələ deyil. AFFA MOİK-i Premyer Liqaya gətirsə, gənc futbolçuların əsas çətinliyi aradan qalxacaq. Ordu klubunun əleyhinə işləyən məqam paytaxtda yerləşməsidir. Müdafiə Nazirliyi MOİK-i Bakıdan kənara çıxarmaq istəsə, yəqin ki, buna ən birinci AFFA sevinəcək. Bu isə hazırda nisyə söhbətə daha çox oxşayır.

"Turan"ın meydança, "Kəpəz"in stadion əngəli
AFFA Premyer Liqanın coğrafiyasını genişləndirmək fikrində olmasını dəfələrlə sözdə ifadə edib. «Kəpəz»lə «Turan»ın qayıdışı tənqidlərdən yayınmaq baxımından federasiyanın işinə yarayır. AFFA həm Gəncədə, həm də Tovuzda bir sıra layihələr həyata keçirməkdədir. Tovuzda akademiya inişil istifadəyə verilib, sırada Gəncədir. Tovuzda meydança problemdirsə, Gəncədə stadionun tribunaları qəzalı vəziyyətdədir. Gəncə şəhər stadionu söküləcək. Bu barədə AFFA İcraiyyə Komitəsi qərar qəbul edib. Toplantıda arenanın mərhələli şəkildə inşasına başlanılması məqsədəuyğun sayılıb. Prosesə Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra start veriləcək. Söküntü işləri tribunaları əhatə edəcək. Bu müddətdə yerli komanda Gəncə şəhər stadionunda ev oyunlarını keçirə biləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu