Klublarda gedən “dəyiş-düyüş”: AKTİVLƏR və PASSİVLƏR

22 Yanvar 2022 16:40 Premyerliqa 872
Klublarda gedən “dəyiş-düyüş”: AKTİVLƏR və PASSİVLƏR

Azərbaycan Premyer Liqasında qış fasiləsi davam edir.

Adətən, klublar heyətinə yayda əl gəzdirməyə daha çox maraq göstərirlər. Çünki yaxşı oyunçunu ilin qış aylarında tapmaq o qədər də asan məsələ deyil.

Qış transfer pəncərəsində isə maksimum 1-2 transferlə gözəçarpan boşluqların doldurulması nəzərdə tutulur. Bəs bu il durum necədir?

Klublarımızın transfer fəaliyyətinə baxsaq üç cəbhə yarandığını görə bilərik - aktivlər, passivlər və sabitlər.

Birincilərə "Qarabağ", "Neftçi" və "Sumqayıt" aiddir. Ən çox dəyiş-düyüşə gedəni isə son çempion "Neftçi"dir deyə bilərik.

Komanda Eddi İsrafilov, Azər Salahlı və Gilyerme Pato kimi oyunçularla güclənibsə, Fəhmin Muradbəyli ("Keşlə" icarə), Romen Bask, Sabir Buqrin, Harramiz Soares kimi simalarla yolları ayırıb. Braziliyalı Korrea isə yol üstündədir.

"Qarabağ"ın güclənmək yolunda böyük addımlar atdığını qeyd etməmək olmaz.

Heç kimin ayrılmadığı komandada qışdan sonra Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Luka Quqeşaşvili və Leandro Andrade ("Çerno More" Bolqarıstan) kimi yeni adlar görə biləcəyik.

Heç də sıradan adlar deyil. İndi qalır oyunları ilə adlarının çəkisini qorumaq.

Ayxan Abbasovla gözlənilməz ayrılıqdan sonra Aleksey Baqa ilə razılaşan "Sumqayıt" da aktivlər arasındadır.

Düzdür, yeni adlar - Elşən Abdullayev və Vuqar Bəybalayev o qədər də cəlbedici transferlər deyil. Elşən uzunmüddətli zədədən sonra mövsümün ilk yarısı "Səbail"də 5-10 dəqiqə oynamaqla yadda qalıbsa, Vuqar, ümumiyyətlə, arxada qalan 6 ayı klubsuz keçirib.

Yenilərdən yalnız Araz Abdullayevin "kimyaçılar"a güc qata biləcəyini ehtimal etmək olar. Amma komandanın özəyinin yerində qaldğını deyə bilərik. Yalnız Roman Hüseynov və Səid Rza klubdan ayrılıb. Ki, onlar da o qədər əhəmiyyətli adlar deyildi.

Passivlər sırasında "Keşlə" və "Səbail" yer alır deyə bilərik. "Keşlə" Fəhmin Muradbəyli və Franko Floreslə güclənibsə, Anatole Abanq, Azər Salahlı, Con Kamara, Ömar Qudiabi və Nicat Qurbanovla daha çox güc itirib.

Xüsuslə intizamsızlığına rəğmən Abanq və milli üzvü Azərin gedişi paytaxt klubu üçün ciddi itki sayılmalıdır.

"Keşlə" kimi hazırlığı Bakıda keçən "Səbail"də isə vəziyyət daha da ağırdı. Əsas qapıçı Kamran Ağayevin karyerasını bitirməsi və vacib simalardan sayılan Turan Manafovun Yunanıstana üz tutması fonunda bayıl təmsilçisi bir futbolçu ilə belə güclənə bilməyib. Maraqlıdı, klub rəhbərliyi nə düşünür? Ümumiyyətlə, düşünürmü?

Sabitlər kateqoriyasında 3 təmsilçimiz yer alır - "Qəbələ", "Sabah" və "Zirə".

İlk ikisi bir transferlə yadda qalıbsa, "Zirə"də o da baş tutmayıb. "Qəbələ" ön xətt oyunçusu Patriklə, "Sabah" isə belaurslu qapıçı Aleksandr Neçayevlə güclənib. Bölgə klubundan ayrılan yoxdur. "Zirə" Georgi Stoilovla, Masazır təmsilçisi isə Saşa Stamenkoviçlə yolları ayırıb.

Təbii ki, transfer pəncərəsi davam edir və hər an dəyişikliklər ola bilər. Amma hazırkı məqamda vəziyyət yazdığımız kimidir.

Bütün bu dəyiş-düyüşün hansı klubumuza necə effek verəcəyinə isə qarşıdakı 14 turda və kubok matçlarında görə biləcəyik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi