Premyer Liqa klubundan ayrılan baş məşqçi son sözlərini yazıb, getdi

20:40 Hadisə 181
Premyer Liqa klubundan ayrılan baş məşqçi son sözlərini yazıb, getdi

Jorj Kaşkilyanın “İmişli” dönəmi başa çatdı.

Ölkəmizdə çalışdığı mövsüm ərzində özü və komandası barədə xoş fikirlər formalaşdıran portuqaliyalı çalışdırıcı karyerasını başqa klubda davam etdirəcək.

57 yaşlı mütəxəssis sosial şəbəkə hesabında “İmişli”dən ayrılması haqda paylaşım edərək bölgə təmsilçisi ilə rəsmən vidalaşıb:

“Bu gün rəsmi olaraq “İmişli” ilə əlaqəm başa çatır.

İlk növbədə futbolçulara təşəkkür etmək istəyirəm. Bu yolun əsl qəhrəmanları onlar oldular.

Mövsüm ərzində saysız-hesabsız çətinliklərlə üzləşdilər, lakin heç vaxt təslim olmadılar.

Həmişə birlikdə oldular və yüksək xarakter, əzmkarlıq, fədakarlıq nümayiş etdirdilər. Onlar əsl çempion idilər.

Qarşımıza qoyulan məqsədə mövsümün başa çatmasına üç tur qalmış nail olduq. Bu, bizim çempionluğumuz idi.

Bu, ən çətin anlarda belə inamını itirməyən bir komandanın tam haqq etdiyi mükafat idi.

Həmçinin yorulmadan və peşəkar şəkildə çalışan bütün məşqçi və texniki heyətə, mənə göstərdikləri etimada görə klub rəhbərliyinə, eləcə də bizi heç vaxt dəstəksiz qoymayan azarkeşlərə təşəkkür edirəm.

Onların şüarları, coşqusu və sevgisi bizə hər zaman yolumuza davam etmək üçün güc verdi.

“İmişli”ni təmsil etmək mənim üçün böyük şərəf idi. Buradan özümlə gözəl xatirələr, dəyərli dostluqlar və birlikdə keçdiyimiz yola görə böyük qürur hissi aparıram.

Kluba və bu böyük ailənin bütün üzvlərinə gələcəkdə ən böyük uğurlar arzulayıram!

Təşəkkür edirəm, Azərbaycan! Qəlbimdə sizə böyük minnətdarlıq aparıram. Ümid edirəm ki, bu, vidalaşmaq deyil, sadəcə “tezliklə yenidən görüşənədək”.

Jorj Kaşkilyanın adı “Sumqayıt”la yanaşı çəkilsə də, portəgiz çalışdırıcının yazdıqlarından onun növbəti mövsümdə başqa ölkədə çalışacağını hiss etmək çətin deyil.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti