
“Karvan-Yevlax”la qolsuz bərabərə qalan “Neftçi”də hər kəs qələbəyə köklənib.
Bu dəfəki rəqib son 2 ilin gümüş mükafatçısı “Zirə”dir. Elə ümid də buna görədir.
Əvvəla ona görə ki, “ağ-qaralar” zirəlilər üçün arzuolunmaz rəqib hesab olunur.
Digər tərəfdən, “qartallar”ın açıq futbola üstünlük verməsi “Neftçi”nin əlverişli qol fürsətləri yaxalaması ehtimalını artırır.
Komandanın lüksemburqlı hücumçusu Alessio Kurçi Sportinfo.az-a “Zirə”ylə oyun barədə danışarkən “Sumqayıt”ın adını çəkib:
“Məqsədimiz hər oyunda qalib gəlməkdir. Bu düşüncədə olmasaq, heç nə edə bilmərik. “
Zirə”ylə səfər matçına 3 xal dalınca gedəcəyik. İki həftə əvvəl qarşılaşdığımız “Sumqayıt” da iddialı komanda sayılır.
Lakin biz bu rəqibi səfərdə inamlı şəkildə məğlub etməyi bacardıq. Çünki əlimizə düşən bir neçə fürsətdən 2-sini qola çevirdik.
Bu dəqiqə bizim üçün ən vacib olan budur – imkanları qolla tamamlamaq. Əvvəlki matçlardakı kimi oynasaq, qələbə qazanacağıq. Buna əminəm”.
Oktyabrın 3-də Zirə İdman Kompleksinin meydanında keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.
HƏBİB