“Neftçi” 10 aydır klubsuz olan hücumçu ilə anlaşacaqmı?

14:40 Neftçi 490
“Neftçi” 10 aydır klubsuz olan hücumçu ilə anlaşacaqmı?

“Neftçi”nin Nigeriya millisinin hücumçusu Ayzak Saksesslə müqavilə bağlamağa hazırlaşması barədə xəbərlər yayılıb.

Sostal şəbəkələrdə tirajlanan məlumatlara görə, Bakı təmsilçisi ön xətdəki problemi onunla yoluna qoymaq fikrindədir.

29 yaşlı afrikalı hazırda azad agent statusu daşıyır. O, 2025-ci ilin əvvəlindən klubsuzdur.

Ayzek sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərində “Əl-Vəsl”in formasını geyinib.

Bildirilir ki, bir müddətdir özünə yeni komanda axtaran Saksess “Neftçi” ilə müqavilə şərtlərində ortaq məxrəcə gəlib və tezliklə ölkəmizə təşrif buyuraraq, düşərgəyə qoşulması gözlənilir.

Saytımız paytaxt klubundan bu informasiyanı dəqiqləşdirib. «Ağ-qaralar»ın düşərgəsindən redaksiyamıza bildirilib ki, nigeriyalı yaxın günlərədək transfer siyahısında yer alıb.

Adıçəkilən hücumçu ilə xeyli müddət danışıqlar aparılıb. Lakin tərəflər maliyyə şərtlərində dalana dirənib.

Saksessin istəkləri gözləniləndən yüksək olduğundan, rəhbərlik bu keçidi artıq arxa plana atıb.

İspaniyada “Qranada”nın yetirməsi olan Saksess həmçinin “Malaqa”, İngiltərədə “Uotford” və İtaliyada “Udineze”nin formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti