Gəl, “Neftçi”, gəl!

24 Sentyabr 2025 20:40 Neftçi 3 546
Gəl, “Neftçi”, gəl!

“Neftçi” gəlir. Özü də necə gəlir.

“Sumqayıt”la oyundakı performansı gördünüz?

Baxımlı kombinasiyalar sonrası vurulan 2 qol, verilməyən penalti, qaçırılan qol imkanları.

“Neftçi” partlayışın mesajını “Turan Tovuz” və “Sabah”la oyunlarda vermişdi. Hər iki rəqibindən üstün oynadığı görüşlərdə qol fürsətləri boşa verilmişdi.

“Sumqayıt”la matç göstərdi ki, yayda yenidən qurulan komandanın potensialı kifayət qədərdir. Çempionluq uğrunda mübarizə çətin görünsə də, ikincilik savaşında sona qədər mübarizə aparmaq son dərəcə realdır.

Sırada “Karvan-Yevlax”dır. Sonra “Zirə”, ardınca “Araz-Naxçıvan”, ondan sonra “Qəbələ”, “Kəpəz” və ilk dövrənin sonuncu qarşılaşmasında “Qarabağ”.

“Ağ-qaralar” bu rəqiblərin hamısını yenmək gücündədir. “Qarabağ”ı udmaq müşkül məsələdir? Olsun. Lap uduzsun. Digər 5 oyunda 5 mümkün qələbə ürəklərə yağ kimi yayılacaq, turnir cədvəlindəki vəziyyət kifayət qədər yaxşılaşacaq.

Bu çempionata “Neftçi” lazımdır. “Neftçi”siz yarış qanadsız quş, dilsiz adam kimidir. “Neftçi”nin qayıdışı avrokubok mübarizəsinə əlavə rəng qatacaq, tribunalarda azarkeşlərin sayı artacaq. Əsas rəqibləri ilə oyunlarda partlayışlar olacaq.

“Qarabağ” meydanda tək qalıb. Ona əsl rəqib olacaq bir komanda var, o da “Neftçi”dir. “Qarabağ” məhz “Neftçi”nin yolunu gözləyir, ayaqlar altına qırmızı xalı sərib ”gəl, Neftçi, gəl deyir.

“Neftçi”nin əvvəlki əzəmətini qaytarmasını istəyən o qədər adam var ki. Qurban Qurbanov, jurnalist, oxucu, yazıçı, bənna, hətta səngərdə vətənin keşiyində dayanan əsgər.

Dünənə qədər Azərbaycan futbolu deyəndə ağıllarda “Neftçi” canlanırdı. Son illər “Qarabağ” bu statusu əlinə keçirib. “Neftçi”nin qayıdışı “Qarabağ”ın daha da inkişaf etməsinə təkan verəcək., əl-ələ verib avrokuboklarda xarüqələr yaradacaqlar.

Hər kəs yolunu gözləyir, “Neftçi”.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti