İndi “Neftçi”də hər kəs bili ki... Daha buna yer qalmayıb!

16:05 Neftçi 220
İndi “Neftçi”də hər kəs bili ki... Daha buna yer qalmayıb!

Premyer Liqada turun yekun nəticəsi bəlkə də ən çox maraq doğuran qarşılaşması “Sumqayıt” – “Neftçi” görüşüdür.

Mövsümə əla start verən sumqayıtlılarla heç cür özünə bənzəməyən bakılıların duelində hansı nəticənin qeydə alınacağı maraqlı gözlənilir.

Marağa səbəb olan başlıca məqam “kimyaçılar”ın ötən həftə debütant “İmişli”yə məğlubiyyətdən sonra hansı vəziyyətdə olacağıdır. Düzdür, protokol səhvinə görə uduzan komandaya texniki qələbə verildi. Lakin bu fakt yenilgi reallığını dəyişmir.

“Neftçi” isə IV turda “Sabah”ı meydandan yox etmişdi. Yaradılan üç real qol şansı və verilməyən penaltini nəzərə alsaq, “ağ-qaralar” oyunu 3 xalla başa vurmalıydı.

Yəni hər iki komandanın azarkeşlərinə sübut etmək istədiyi nələrsə var. Ev sahibləri “İmişli” məğlubiyyətinin təsadüfə söykəndiyini göstərməli, “Neftçi” isə mövsümdə ilk qələbəsini qazanmaqla, özləri demiş, növbəti uğurlu nəticələrin əsasını qoymalıdır.

Bu matçda qalibiyyət “ağ-qaralar”a hava-su kimi lazımdır. 4 matçda aktivinə vur-tut 3 xal yazdıran paytaxt təmsilçisi iddialı rəqiblərindən açıq-aşkar geridə qalır. Mümkün yenilgi vəziyyəti bir az da pisləşdirə bilər. “Kimyaçılar” isə 10 xal yığmaqla hələ bir neçə həftəlik tədarükünü görüb.

Hə, keçək əsas məsələyə - hər kəsin danışdığı Samir Abasov amilinə. Əsasən “Sumqayıt”dakı fəaliyyəti ilə tanınan təcrübəli çalışdırıcı “Neftçi”yə məhz buradan gəlmişdi. Həm də ötən mövsümün gedişində, çempionatın ən qaynar vaxtında.

Məhz “Sumqayıt”dan gedişi azarkeşlərin qəzəbinə səbəb olmuş, onlarda qıcıq yaratmışdı. Odur ki, Abasovun Sumqayıta hər gedişi səs-küyə səbəb olur.

Artıq tək deyil. Sərəncamında “Sumqayıt”ın keçmiş futbolçuları da var. Söhbət Cordan Rezabala, Elvin Bədəlov və Murad Xaçayevdən gedir. Hər üçü vaxtilə alqışlandığı publikanın önündə rəqib qismində çıxış edəcək. Tribunaların onları necə qarşılayacağı, oyunboyu hansı münasibət göstərəcəyi zamanın cavab verəcəyi suallardır.

Qısası, bu oyunda həm turnir cədvəli baxımından intriqa var, həm də fərdlərin adına bağlı olan prinsipiallıq.

Yeri gəlmişkən, ötən mövsüm “Sumqayıt”la “Neftçi”nin duellərində komandalar hərəyə bir qələbə qazanıb, digər iki görüş heç-heçə başa çatıb.

Sumqayıtdakı oyunların birində meydan sahibləri 2:0-a sevinib, digərində 2-lər qoşalaşıb.

“Ağ-qaralar” Sumqayıtda sonuncu qələbəsini 2 il əvvəl – 2023-cü ilin sentyabrın 2-də Dieqo Valdezin vurduğu qol sayəsində qazanıb. O gündən bu yana üç matçın heç birində 3 xala sevinə bilməyib.

Sentyabrın 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur