
“Neftçi” cari mövsümdə ilk qələbənin axtarışındadır.
3 turda cəmi 2 xalla kifayətlənən bakılılar bazar günü öz meydanında “Sabah”ı qəbul edəcək.
Prinsipial və kifayət qədər güclü görünən rəqiblə qarşılaşma “Neftçi”nin hazırkı durumundan söz açacaq.
Hər iki kollektivin əvvəlki turda məğlub olması qələbə istəyini birə-beş artıracaq.
Gərgin matçdan əvvəl Sportinfo.az-a açıqlama verən müdafiəçi Murad Xaçayev komandasının hədəfindən söz açıb:
“Neftçi” azarkeşləri bizdən hər oyunda qələbə gözləməlidir. Düzdür, hələ ki, onları sevindirə bilməmişik. Bu da qalibiyyət motivasiyamızı bir qədər artırır.
Əvvəlki oyunlardakı nəticələrdən sonra xal itirmək haqqımız yoxdur. “Sabah”la matçda əvvəldən sona qədər mübarizə aparmalı, qələbə qazanmalı, “Neftçi” olduğumuzu sübut etməliyik”.
Sentyabrın 14-də “Palms Sports Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
HƏBİB