“Neftçi”nin dərdi az idi, biri də üstünə gəldi!

8 Sentyabr 21:20 Neftçi 1 747
“Neftçi”nin dərdi az idi, biri də üstünə gəldi!

Mövsümə istədiyi kimi başlayan bilməyən “Neftçi”də dodaqlar büzülüb, qaşlar çatılıb.

“Şamaxı” və “İmişli” ilə müvafiq olaraq 1:0 və 0:0 bərabərə qalan, öz meydanında “Turan Tovuz”a uduzan (0:1) “ağ-qaralar” ilk qələbənin həsrətindədir.

Ehtimal etmək olardı ki, milli komandaların oyunları ilə bağlı yaranmış fasilə Samir Abasovun üzünü güldürəcək.

Hər halda, ələ düşən 10 günlük imkan xətlərarası əlaqələri yaxşılaşdırmaq, psixoloji durumu qaydasına salmaq, problemləri aradan qaldırmaq üçün əla fürsətdir.

Lakin yığma komandalardakı həmkarları Abasovun kefinə “soğan doğradı”. Nə az, nə çox, “Neftçi”dən düz səkkiz nəfər millilərə cəlb olunub deyə, məşqlərdə iştirak edə bilmir.

Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi, Sessi D’Almeyda komandaya “Sabah”la oyundan 3 gün əvvəl qoşulacaqlar.

Xüsusən azərbaycanlıların fiziki və psixoloji baxımdan hansı vəziyyətdə olacaqlarını indidən tıəxmin etmək asan deyil. Kuçla Sessi isə həm də uzaq yol qət edəcəklər.

Fasilə dönəmində kollektivlə tam şəkildə məşğul ola bilməyən Abasovun “Sabah”la oyunun təşkilində və hazırlığında nə dərəcədə çətinlik çəkdiyi gün kim aydındır.

“Qarabağ”dan sonra milli komandalara ən çox futbolçu göndərən klub olan “Neftçi”nin dərdi az imiş kimi, birinin də üstünə gəldiyini deyə bilərik.

Sentyabrın 14-də “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” qarşılaşması saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM