
"Neftçi" cəbhəsində bu mövsümə böyük ümidlər var(dı).
Amma startda başverənlər hər kəsi pərişan etdi.
Kollektiv arxada qalan 3 turda aktivinə cəmi 2 xal yazdıra bilib.
Düzdü, ürəkaçan durum deyil, ancaq faciəvi nəsə də baş verməyib. Hələ heç nə itirilməyib.
Ən vacibi odur ki, yenilənən komandada müsbət işartılar var.
Xüsusilə "Turan Tovuz"a qarşı son görüşdə "ağ qaralar" təxminən 40 dəqiqə azlıqda qalmasına rəğmən oyundan qopmadı.
Rəqibi təzyiqdə saxladı, dominant oynamağa, geridönüş etməyə çalışdı.
Hətta bu qədər çətin anda belə futbolçulardan "biz bacara bilərik" fikri uzaqlaşmadı.
"Neftçi"də uzun müddətdir görmədiyimiz aqressivliyi, istəyi gördük.
Çatmayan əsas şey qələbə(lər)dir.
Yaranmış iki həftəlik fasilə heyətin daha da komplektləşdirilməsinə kömək edə bilər.
Bundan başqa yay təlim-məşq toplanışına gec qoşulanlar, zədədən əziyyət çəkənlər formasını yaxşılaşdırmaq üçün fürsət qazanmış olacaq.
Fasilədən qayıdandan sonrakı təqvim də məqbul hesab edilə bilər.
"Sabah" və "Karvan Yevlax"ı evdə qonaq edəcək kollektiv "Sumqayıt" səfərinə yollanacaq.
Autsayder "Karvan-Yevlax"dan geniş danışmaq artıq olar.
"Sabah" iddialıdı, amma unutmayaq ki, səfərdə "Şamaxı"nı çətinliklə məğlub edən Valdas Dambrauskasın yetirmələri evdə "İmişli"yə məğlub olub.
"Sumqayıt" mövsümə əla start götürsə də, son turda "Şamaxı" ilə qeydə alınan bərabərlik göstərdi ki, "Kimyaçılar"da da problemlər az deyil.
Bir sözlə, "Neftçi" üçün bu 3 görüş ya mövsümün itirilməsi, ya da uğurlu sonun başlanğıcı olacaq.
XANOĞLAN İMANOV