
"Sözüm var"ın son buraxılışında "Neftçi" - "Turan Tovuz" görüşündə baş hakim Əliyar Ağayevin "Neftçi"nin əleyhinə verdiyi qərarlardan geniş söz açmışdıq.
Məhz bundan sonra ictimaiyyətdə FİFA referisinin qərarı müzakirələrə yol açdı, davamında klub rəsmi bəyanat yaydı.
Xüsusilə İqor Ribeyro ilə bağlı verilən qərarın ağır olması diqqətdən qaçmamışdı.
Belə epizodlarda itələmə hərəkətinə görə maksimum sarı vərəqə cəzası vermək yetərli idi.
Futbolçular arasında münaqişə olmasına dair və aşkar vurma hərəkətini göstərən hansısa kadr görmədik.
Yəni, futbolçular arasında şiddətli münaqişənin baş verməsindən söhbət gedə bilməzdi.
Hadisədən sonra braziliyalı müdafiəçi və yoldaşları də çox rahat görünürdü. Əbəs deyil ki, oyunun baş hakimi Əliyar Ağayevin VAR-a getdiyi və qərar verdiyi müddətdə ona qarşı sərt etiraz olmadı. Ağır qərardan sonra da meydan sahibləri özünü soyuqqanlı aparmağı bacardı.
Bir də ən ömənli məqam Ribeyronun qırmızı vərəqə almasına səbəb olan Faiq Hacıyevin oyun sonrası fikirləri idi.
Sitat: “Ribeyro ilə aramızda heç bir söhbət filan olmadı. Sadəcə top getdikdən sonra bir-birimizi itələmişdik”.
Ağayevin qərarının səhv olmasını sübut edən bundan böyük fakt?
Ümumiyyətlə, ölkə çempionatı oyunlarında baş verən daha ağır qayda pozuntularında daha yüngül cəzaların verilməsini dəfələrlə görmüşük.
Nədənsə ən yaxşı hesab edilən hakimimiz sıradan epizoda ağır qərar verməklə yadda qaldı.
Futbol ictimaiyyəti də qüsurlu idarəçiliyə səssiz qalmadı.
Efirlərdə, sosial şəbəkələrdə məlum hadisə ciddi müzakirə olundu və Əliyar Ağayev qərarına görə haqlı olaraq sərt tənqid edildi.
Bu qədər olaylardan sonra ehtimal etmək olardı ki, AFFA İntizam Komitəsi (İK) qırmızı vərəqəni ləğv etməklə FİFA referisinin qərarını dəyişər.
Günahını az da olsa yumuş olar.
Ki, "Turan"la görüş arxada qaldı, barı qarşıdakı matçlarda "ağ qaralar" təcrübəli simanın xidmətindən istifadə etmiş olsun.
Sən saydığını say, görə İK-a nə sayır.
Səlahiyyətli qurum Cənubi amerikalıya 3 oyunluq cəza verməklə qaş düzəldən yerdə vurub göz çıxarmış oldu.
Deyəsən, “Neftçi” ötən mövsüm olduğu kimi, bu mövsüm də hakimlərin yanlış qərarlarından əziyyət çəkməli olacaq.
İK-a isə verdiyi ucuz qərarla növbəti dəfə Premyer Liqada hakimlərinin ardınca İntizam Komitəsinin də qərarlarındakı ədalət və idman prinsiplərinin qorunmasına inamın azalmasına yol açmış oldu.
XANOĞLAN İMANOV