
U-21 millimiz bu gün Portuqaliyanın qonağı olacaq.
AÇ-2027-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq ilk oymun səfərdə baş tutacaq.
Yığmanın dünənki məşqindən sonra Sportinfo.az-a müsahibə verən “Neftçi”nin yarımmüdafiəçisi Murad Məmmədov sualları cavablandırıb.
- Portuqaliya ilə oyuna nə dərəcədə hazırsınız?
- İlk növbədə uzaq yol qət edərək oyunumuzu işıqlandırdığınız üçün sizə təşəkkür edirəm. İstər Bakıda olsun, istərsə də burada – çox yaxşı hazırlaşmışıq. Rəqibimiz hər nə qədər güclü olsa da, məşqçilər heyətindən lazım olan tapşırıqları almışıq. Ən kiçik detalları belə, bizə izah ediblər. Oyuna hazırıq. Bacardığımızı edəcəyik ki, meydanı azı 1 xalla tərk edək.
- Hədəf yaxşı oyundur, yoxsa meydanı xalla, ya da xallarla tərk etmək?
- Hər ikisini istəyirik. Komanda yoldaşlarımın gücünə inanıram. Çiyin-çiyinə verib meydanı başıuca tərk etmək üçün hər şey edəcəyik.
- Rəqibin adı qorxu yaratmır ki?
- Portuqaliya futbolunun və milli komandalarının nəyə qadir olduğunu demək artıqdır. Lakin futbol gözlənilməzliklərlə zəngindir. Bəzən heç kimin gözləmədiyi nəticələr qeydə alınır. İnşallah, biz də heç kimin gözləmədiyini etməyə çalışacağıq. Ona görə də matça maksimum dərəcədə köklənmişik.
- İlk görüşün səfərdə olması nə kimi çətinliklər yaradır?
- Hansısa çətinlikdən söhbət gedə bilməz. Onsuz da bu rəqiblə qarşılaşmalıyıq. Bu gün, ya da sabah – fərq etmir. Əksinə, ilk oyundan başlayaraq bu cür atmosferdə və güclü rəqibə qarşı oynamaq bizim üçün faydalıdır. Allahın izni ilə qazanacağımız mümkün yaxşı nəticə psixoloji baxımdan xeyrimizə işləyəcək.
- Portuqaliya görüşün favoritidir. Futbolçuların oynadığı klublar, təcrübə, fiziki göstəricilər, doğma meydan amili və sair. Bəs, bizim üstün tərəfimiz nədir?
- Üstün cəhətimiz oyunun gedişində ola bilər. Baş məşqçiniz istər müdafiə olunmaq, istərsə də hücum qurmaqla bağlı tapşırıqlarını yerinə yetirsək, xoş nəticə qazanacağıq. Ən vacib məqam mübarizə aparmaq, rəqibin adından çəkinməməkdir.
- “Neftçi”də ehtiyatda qaldığını nəzərə alsaq, özündə bağlı vəziyyət necədir?
- Ehtiyatda qalmaq məni heç bir mənada alçaltmır. İstər psixoloji cəhətdən olsun, istərsə də fiziki. Şans qazanmasam belə, məşqlərimi istəklə davam etdirirəm. Həm klubum, həm də millimiz üçün hazır olmağa çalışıram.
HƏBİB, Gimaraynş