
İman Farajı çox tərifləyirlər. Bəzən Abdullah Zubirlə müqayisə edirlər.
Tələsirik, bəylər!
Farajın «Turan»ın önündəki faydalı iş əmsalını mən rəqəmlərlə ölçməzdim. Qapıya bir düz zərbəsi yox. «Çərçivə» önünə bir ideal ötürməsi yox.
Başa və ayağa oturan bir asması, pası yox. Qlobus kimi yerində fırlanır, topu özündə çox saxlayır, vaxtında açılmır.
Bəh-bəhlə müqavilə bağlanan ən yaxşı yeni oyunçu Farajdırsa, o da budursa, digərlərindən nə gözləyəsən..?
«Neftçi»nin əksər futbolçuları ciddiyətini itirmiş başsız atlı kimi meydanda vurnuxdu, sadəcə.
Samir Abasovun Bassala Sambu sevgisi müəmmalıdır. İngiltərəli hücumçunu hər dəfə start «11-liy»inə daxil etməklə, o, öz ayağına gülləni sıxan biri təsəvvürü yaradır məndə.
Sambu hara, qol vurmaq hara! Məşqdə başından zədə alan, meydana sarğı ilə çıxan forvardı bəlkə də komanda yoldaşları qəsdən bu hala salmışdı ki, Samir Abasov onu oynatmasın.
Baş məşqçi isə Sambu simpatizanı olmasını bu dar macalda yenə göstərdi və yenə əvəzini almadı. Braniyalı, elə bil, ipdən qırılmışdı, hara gəldi, qaçırdı, amma lazım olan yerdən başqa.
Mövqe seçimi pis qoxuyan hücumçu növbəti turda da əsas heyətdə meydana ayaq bassa, əmin olacam ki, Samir Abasov özünün və komandanın qəsdinə dayanıb, gerçəkdən də qovulmaq istəyir.
«Neftçi»nin Rza Cəfərovu, Emil Balayevi var. Kenan Piriçin bu üç turda yol verdiyi biabırçı səhvləri onlardan hansı biri etsə, Samir Abasov media önündə «ağ yuyub, qara sərər».
Piriç legioner olduğu üçün o, haqqında bir kəlmə demir, yalnız «malalayır».
Bu, Cəfərovun, Balayevin məşqlərdə axıtdığı tərə hörmətsizlikdir! Kapitan sarğısını qoluna bağlamış bosniyalı qapıçının dünənki səhvini görüncə, ötən mövsüm Super Liqada 67 qol buraxmasının təsadüfi olmadığını anladım.
Üç ay dayanmadan ona yalvarıb-yaxarıblar ki, gəlib belə uşaq xətaları etsin? Emin Mahmudov ehtiyata göndərilirsə, Piriç də bu kədəri «dadmalıdır».
Əsas kapitandan nəyi artıqdır ki..?
İqor Ribeyro «qırmızı»ya acıyıb son vaxtlar. «Araz-Naxçıvan»ın heyətində «Aris»lə səfər oyununda aldığı kart hardasa başadüşülən idi: yunanıstanlı hücumçunu qapıçıyla üzbəüz qalmaq fürsətindən məhrum etmişdi.
Aldığı «qırmızı»nın isə heç bir bəraəti yoxdur və Samir Abasov bu hikkəsi yerə-göyə sığmayan braziliyalı müdafiəçini böyük miqdarda cərimələməsə, deməli, özünə hörmət eləmir.
Hesabda geri olan komandanın legioneri bir yersiz hərəkəti ilə yoldaşlarının vəziyyətini daha da çətinləşdirirsə, o, bağışlanmamalıdır, ən sərt şəkildə cəzalandırılmalıdır.
ELNUR